Sentyabr ayı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin rəhbərləri üçün də gərgin keçdi. Belə ki, bir müddət əvvəl Xidmətin rəhbərliyi dəyişdirildikdən sonra bu strukturda kadr dəyişiklikləri və təmizləmələr davam etdirilir. Bu səbədən bir çox rayon şöbələrinin rəhbərləri hələ də vəzifələrini itirəcəkləri qorxusu ilə yaşayırlar. Amma bəzi komissarlar üçün məsələ heç də yalnız vəzifə itkisi ilə yekunlaşmır. Çünki təkcə elə bu ay hərbi komissarlardan birinə hökm oxunub, ikisi barədə isə cinayət işi açılıb.
Yenicag.az Bakupost.az-a istinadla xəbər verir ki, sentyabrın 10-da rüşvətə görə həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin sabiq rəisi Rahim Ağayev dəmir barmaqlıqlar arxasına göndərilib.
Belə ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Sentyabrın 27-də isə Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğlu həbs edilib. Onun da ittiham olunduğu maddələrdən biri rüşvətlə bağlıdır. Belə ki, S.Qurbanova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib. O, həmçinin qabaqcadan bir qrup şəxslə əlbir olaraq dələduzluq (CM-ın 178.2.2-ci maddəsi) törətməkdə də ittiham olunur.
Qeyd edək ki, Hərbi Prokurorluğunun təqdimatına əsasən, Seymur Qurbanov Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs olunub.
Onunla eyni gündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Anar Şakir oğlu Əsgərov da saxlanılıb. Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olduğu üçün onun da barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Mayır Əsgərov da təkrar rüşvət almaqda ( CM-in 311.3.2-ci maddəsi) günahlandırılır.
Hazırda hər iki səfərbərlik məmurunun işi ilə bağlı istintaq davam etdirilir.
Göründüyü kimi, hər üç fakt hələ də səfərbərlik orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət və hətta dələduzluq hallarının olduğuna dəlalət edir. Hərbi Komissarlar təhsil, xəstəlik və s. bəhanələrlə gənclərin hərbi xidmətdən yayınmasına şərait yaradır və bunun qarşılığında külli miqdarda rüşvət alırlar. Ancaq başladılan islahatlar, eləcə də rüşvətdə adı hallanan komissarların sərt cəzalandırılması uzun illər bu orqanlarda kök salan rüşvət və korrupsiya hallarının aradan qalxacağına müəyyən ümidlər yaradır. Həm də o səbəbdən ki, qarşıdakı aylarda da bu təmizləmələrin davam etdiriləcəyi bildirilir.