Hərbi polisin SABİQ RƏİSİ: “Bir hərbi hissənin yeri də məhz casusluqla bağlı dəyişdirilmişdi” – MÜSAHİBƏ
“Casusluq yoxdur” demək insanları aldatmaq deməkdir. Bütün dünya ordularında casusluq var və olacaq”.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az saytına müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– İddia edirlər ki, siz 2017-ci ildə şərti adı “Tərtər işi” olan hadisələrdə iştirak etmisiniz, hətta sizin haqqınızda cinayət işi açılıb. Bunlar nə qədər doğrudur?
– Bu, kökündən yanlışdır. 2014-cü ilin yanvar ayının 6-dan ordu sıralarından tərxis olunmuşam. Bunu bir dəfə Qurban Məmmədov, bir dəfə isə Ərəstun Oruclu səsləndirib. Mənim barəmdə xidmətim dövründə heç bir cinayət işi olmayıb və yoxdur. Bu, yanlışdır. Belə yalanlarla ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirlər.
Ərəstun Oruclu bildirir ki, xüsusi xidmət orqanlarında xidmət edib. Əgər o, xidmət edibsə, belə yanlışlara yol verməməlidir. Belə məlumatlarla insanları çaşdırmamalıdır.
Bəziləri Azərbaycan ordusunu sevdiklərini, ona atılan ləkəni özününkü hesab etdiyini bildirirlər. Bunlar hamısı dildədir. Övladları hərbi xidmətdə olmayan adamların belə danışmağı çox yersizdir.
– Uzun illər hərbi polisin rəisi vəzifəsində çalışmısınız. Sizin zamanınızda casusluqla bağlı hallar aşkar edilib?
– Əlbəttə ki, olub. Mənim dövrümdə, 2013-cü ildən əvvəl 1-ci Ordu Korpusunda, 3-cü Ordu Korpusunda, 2-ci Ordu Korpusunda cəsusluq halları aşkarlanıb. O zaman 1-ci Ordu Korpusunun komandiri Nizam Osmanov, 2-ci Ordu Korpusunun komandiri isə Ayaz Həsənov idi. 1-ci Ordu Korpusunda iki hal olmuşdu. Əsgərlər silahını atıb qarşı tərəfə keçmişdilər. O araşdırmanı şəxsən mən aparmışdım. O əsgərlərdən birini bir il sonra Naxçıvanda ermənilərdən qəbul etmişəm. Onlardan birinin ad-soyadı Samir Məmmədov idi. O, silahı ilə bir yerdə düşmən tərəfə keçmişdi. Ermənilər onu qaytarmadı. O əsgər üçüncü dövlətə təhvil verilib. Araşdırmam zamanı o əsgərin hansı ölkəyə təhvil verilməsini də ortaya çıxarmışdım.
Bəzən elə bilirlər ki, ancaq Azərbaycan tərəfdə casusluq halı olub. Yuxarıda qeyd etdiyim hadisədən bir qədər sonra 11 erməni əsgəri Azərbaycan tərəfə keçdi. Həmin o erməni hərbçiləri də üçüncü dövlətə təhvil vermişik. Əgər bu faktlar Ərəstun Orucluya, Qurban Məmmədova maraqlıdırsa, o kadrları ANS-in, “Lider” TV-nin arxivindən tapıb baxa bilər. Həmin hərbçilər erməni dövlətinə, onların rəhbərliyinə qarşı olmazın sözlərini deyiblər.
Hərbi polisin rəisi olduğum zaman 1-ci Ordu Korpusunda və 2-ci Ordu Korpusunda belə hallar olmuşdu. Hətta bununla bağlı mətbuatda da geniş yazılar dərc edilmişdi. Həmin vaxt heç bir əsgər incidilməmişdi, tam obyektiv araşdırma aparılmışdı. İstəyənlər araşdıra bilər, bir hərbi hissənin yeri də məhz casusluqla bağlı dəyişdirilmişdi.
“Casusluq yoxdur” demək insanları aldatmaq deməkdir. Bütün dünya ordularında casusluq var və olacaq. Bu, qaçılmazdır. Sadəcə bəzən orduya və dövlətin imicinə zərər gəlməməsi üçün bu məsələlərə yol verənlər başqa adlar altında cəzalandırılır.
– Şərti adı “Tərtər işi” olan hadisələrlə bağlı iddia olunur ki, orada, ümumiyyətlə, casusluq halı olmayıb. Bu nə qədər realdır? Ölkənin 4 önəmli qurumu bununla bağlı bəyanat verib.
– O bəyanatı yalan hesab etmirəm. İddia edirlər ki, 1678 nəfər zərərçəkən var. Hesab edirəm ki, bu, mümkün deyil. Əvvəla, o qədər casusun olması imkansızdır. Bundan əlavə, o qədər insanın işgəncə görməsi də imkansızdır. O qədər insana fiziki cəhətdən bir neçə gün ərzində işgəncə vermək faktiki olaraq mümkün deyil. Ora ayrılan hərbçilərin sayı məlumdur. Daha sonra isə SAT-dan bir qrup gətirilib. O qədər insana işgəncə verilməsi üçün, ən azı, tabor ayrılmalı idi. Belə bir halın olmasını isə kimsə deyə bilməz.
Hazırda istintaq qrupu yaradılıb. İş araşdırılır. O qurumlar elə-belə çıxış etməyib. Əllərində əsas var. Düzdür, incitmə halı olub. Bəziləri, həqiqətən, döyülüb. Ancaq kimlərinsə orqanlarını çıxarıb satıblar demək gülüncdür. Azərbaycanda kim çıxıb deyib ki, mənim böyrəyimi orada çıxarıblar? Bu sadəcə fantaziyadır.
Xidmət zamanımda da obyektiv araşdırma tərəfdarı olmuşam. Yadıma gəlir, mənim zamanımda baş verən hadisələr vaxtı biz ora çatana qədər bəzi əsgərləri incitmişdilər. Hadisə yerinə gələn kimi dərhal onu edən şəxslər cəzalandırıldı.
– Hərbi polisin rəisi olmusunuz. Hazırkı baş verənlər içərisində kompromat savaşı sezirsiniz?
– Bəli. Bu tip hallar bizim zamanımızda da olurdu. O zaman bunun üzərinə tez düşürdük. Belə halların qarşısı dərhal alınırdı. Hazırda ordunun içərisində müəyyən qüvvələr var ki, kənarda olan qüvvələrə məlumatlar sızdırırlar. Hətta bunu test də etmişəm. Tanıyanlar bilir ki, əməliyyatçı olmuşam. Ölkə üçün çox əhəmiyyətli işlərin üstünü açmışam. Hazırda xidmətdə olan bir neçəsinin yanında əsassız informasiya demişəm, həmin axşamı o informasiya internet kanallarında müzakirəyə çıxarılıb. Mənim haqqımda deyilən yalan-yanlış informasiyalar da Müdafiə Nazirliyinin daxilindən sızdırılıb.
Hesab edirəm ki, yaxın zamanda kompromat savaşı aparan şəxslər müəyyən ediləcək və onlar cəzasını alacaqlar. Dəfələrlə çıxışımda demişəm ki, hər kəsin adını çəkirlər, hər kəsin şəklini paylaşırlar, niyə görə Ramil Əsgərovun şəkli yoxdur?. Cavab verirdilər ki, şəklini tapa bilmirlər. Məhz buna görə onun şəklini bir neçə dəfə sosial şəbəkədə paylaşdım, ancaq yenə onun adı və şəkli siyahıda olmadı. Demək ki, burada obyektivlikdən söhbət gedə bilməz.
Son vaxtlar Hərbi Prokurorluğa qarşı təzyiqlər var. Müdafiə Nazirliyində ciddi yoxlamalar gedir. Bunu Hərbi Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti aparır. Ancaq deyirlər ki, Hərbi Prokurorluq niyə bu yoxlamaları aparır? Nəyin bahasına olursa-olsun, cinayətkar qruplar Hərbi Prokurorluğu bu işlərdən uzaq tutsunlar. Hesab edirəm ki, “Tərtər işi”ndə Hərbi Prokurorluğun günahı varsa, o da müəyyən edilməli və günahkarlar cəzalandırılmalıdır. Hərbi Prokurorluq təkcə “Tərtər işi” ilə məşğul olmalı deyil. Onun öz vəzifəsi var.
Hesab edirəm ki, hər bir qurum öz işini aparmalıdır. Bundan başqa, ordu daxilindəki qruplaşmalar da öz vəzifələrini yerinə yetirməlidirlər. Onların qarşısına ciddi tapşırıqlar qoyulub, ancaq heç birinə əməl etmirlər. Ordu Türkiyə modelinə keçməlidir, ancaq bunu etməli olan şəxslər kompromat savaşı ilə məşğuldurlar. Hesab edirəm ki, xüsusi xidmət orqanları bu işi də araşdırmalıdır.
Səxavət Məmməd