Hərbi Qənimətlər Parkından yığılan pullar hara gedir? – MÜƏMMA

Bakının Xətai rayonunda salınan və Vətən Müharibəsində Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən qənimətlərin nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkından yığılan vəsaitin hara xərcləndiyi müzakirə mövzusudur.

Yenicag.az xəbər verir ki, Qarabağ qazisi, YAŞAT Fondunun nümayəndəsi Natiq Mehdiyev Hərbi Qənimətlər Parkından yığılan pulların nəzərdə tutulduğundan fərqli olaraq YAŞAT Fonduna köçürülmədiyini bildirib.

Hərbi Qənimətlər Parkının hansı qurumun tabeliyində olduğunu və parkdan əldə edilən vəsaitin hara yönəldiyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxladıq.

BŞİH-dən Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağı məsləhət gördülər. Oradan isə bildirildi ki, park rayon icra hakimiyyətinin tabeliyində deyil. Məsələni dəqiqləşdirmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz yenə nəticəsiz qaldı.

Maraqlısı isə budur ki, Hərbi Qənimətlər Parkının salınacağı ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda “Yeni istirahət ocağının yaradılması işlərində Müdafiə Nazirliyi ilə Bakı şəhəri İcra Hakimiyyətinin birgə fəaliyyət göstərdiyi” qeyd olunub.

Məsələnin neqativ reaksiya doğurduğunu nəzərə alaraq, aidiyyatı qurumların sözügedən parkdan əldə edilən vəsaitin aqibəti ilə bağlı ictimaiyyəti məlumatlandırmalarını gözləyirik.

Aqil Bəkir