“Hərbi toplanışlar haqda məlumatların ictimaiyyətə açıqlanmaması normaldır” – Polkovnikin ŞƏRHİ – VİDEO

Azərbaycanın ehtiyat hərbi qüvvələrinə aid mükəlləfiyyətli vətəndaşların toplanışlara çağırılması ölkədə ciddi ajiotaj doğurub.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, ölkənin əksər bölgələrində ehtiyatda olan vətəndaşların toplanışlara cəlb olunması cəmiyyətdə ümumi səfərbərliyin həyata keçirildiyi və müharibənin başlayacağı qənaətini xeyli möhkəmlədib.

Bu barədə Yenicag.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ehtiyatda olan vətəndaşların toplanışa çağırılması ilə ümumi səfərbərlik tamamilə fərqli məsələlərdir və onları qarşıdırmaq olmaz:

“Hər kəs bilməlidir ki, bu məsələlər müvafiq qanunvericilik əsasında tənzimlənir. Hazırda mətbuatdan və sosial şəbəkələrdən gördüyünüz kimi, mükəlləfiyyətli vətəndaşlar toplanışlara cəlb olunur. Bunu ümumi səfərbərliklə qarışdırmaq olmaz.

Azərbaycan müharibə vəziyyətində olan bir ölkədir. Ona görə də, Ordudan tərxis olunmuş vətəndaşlarımızın hərbi xidmət zamanı qazandıqları vərdişləri unutmamaları üçün belə toplanışların keçirilməsi zəruridir. Sadəcə, bu dəfəki toplanışın miqyası nisbətən geniş olduğu üçün belə ajiotaj yaranıb. Əslində isə bu, normal prosesdir.

Hərbi xidmətə çağırış və Ordudan tərxis etmə kimi, ümumi səfərbərliyin elan olunması səlahiyyəti də ölkə prezidentinə – Silahlı Qüvvələrin Ali Baş Komandanına məxsusdur. Nəzərə almaq lazımdır ki, ümumi və ya qismən səfərbərliyin elan olunması, ehtiyatda olan mükəlləfiyyətli vətəndaşların toplanışlara çağırılması tarixi, bu tədbirlərin təşkil olunduğu ərazilər və müddət haqda məlumatlar məxfi xarakterli informasiyalardır. Ona görə də bu məlumatların geniş ictimaiyyətə açıqlanmaması normaldır”.

Aqil Bəkir