“Əslində, Suriyada İran diplomatik nümayəndəliyinin vurulması Yaxın Şərqdə gedən müharibənin bir elementi kimi özünü göstərir”.
Bu sözləri Yenicag.az-ın İsrail-İran müharibəsinin başlama təhlükəsi ilə bağlı suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.
O, İran tərəfinin 2 gün öncə 48 saat sonra İsraili vurması ilə bağlı yayımladığı bəyanatlar fonunda Yaxın Şərqdəki mövcud durumu dəyərləndirib.
Analitikin fikrincə, İsrail dövləti HƏMAS-ın nəzarəti altında olan Qəzza və ətraf bölgələrdə həyata keçirdiyi yerüstü əməliyyatlar fonunda SAXAL-a qarşı olan hər bir elementi məhv edir.
“Ona görə də deyə bilərik ki, bu gün İran və İsrail arasında birbaşa toqquşma ehtimalı mövcuddur. Çünki İran dəfələrlə hücumdan sonra bildirdi ki, bunun cavabı olacaq. Digər tərəfdən, Tehranın küçələrindəki nümayişlərdə həm İsrail bayrağı yandırılır, həm də ABŞ və Böyük Britaniya bayraqları yerə atılır”, – deyə o əlavə edib.
Müsahibimizin ehtimalına görə, İran Dəməşqdəki konsulluğunun vurulmasından sonra bölgədəki proksi gücünü artıra bilər:
“Xüsusilə də “Hizbullah” vasitəsilə İsrailə qarşı hər hansısa bir hərbi kampaniyanın genişləndirilməsi işini icra edə bilər ki, bunun özü İran-İsrail eskalasiyası anlamına gələcək. Çünki hazırda İran husilər (“Ənsərrallah” – red.) və “Hizbullah” vasitəsilə regionda öz varlığını daha da artırmaq əzmindədir”.
Mütəxəssisin dediyinə görə, istənilən halda bu, Yaxın Şərqdə gedən müharibənin miqyasını gücləndirir, müddəti uzadır və hadisələri elə bir vəziyyətə gətirir ki, bunun çözülməsi bir qədər də qəlizləşir.
“Əgər İsrail düşünürdüsə hərbi əməliyyatları “Rəfah” məntəqəsinə icra etməklə öz işinin öhdəsindən gələcək, fikrimcə, rəsmi Təl-Əviv bunda yanılıb. Belə görünür ki, bu müharibə Rusiya-Ukrayna müharibəsi kimi çözülməsi qeyri-müəyyən müddətə salınmaqla və daha da geniş coğrafiyaları əhatə etməklə icra edilməkdədir”, – deyə o bildirib.
“Eyni zamanda, burada digər məsələ isə bundan ibarətdir ki, ayrı-ayrı proksi məkanlarda sözügedən müharibənin fərqli elementləri üzə çıxa bilər. Məhz bu səbəbdən, 48 saatlıq xəbərdarlığa riayət edərək, İsrail səfirliklərinin təhlükəsizliyini yüksək səviyyəyə qaldırıb. Təl-Əviv administrasiyası çalışır ki, sırf asimmetrik cavabın baş verməsi ehtimalını nəzərə alaraq, müdafiə gücünü artırsın, hava hücumundan müdafiə sistemlərini gücləndirsin və səfirliklərinin mühafizəsi ilə bağlı ayrı-ayrı dövlətlərə Vyana Konvensiyasının müddəalarından irəli gələn tələblərini irəli sürsün”, – deyə İ. Hüseynov fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov