Hərbi toqquşma olarsa, ABŞ İrəvana yardım edəcək?

Ermənistanın siyasi rəhbərliyi əmindir ki, Rusiyanın Ermənistana daha çox ehtiyacı var, buna görə də İrəvan hərbi-siyasi əməkdaşlıqda Qərbə stavka edir, eyni zamanda iqtisadiyyatda Aİİ ilə əlaqələri saxlayır.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert Artur Atayev deyib.

“Ermənistan hazırda Hərbi Gürcüstan Yolu ilə Rusiyadan istehlak mallarının 70%-ə qədərini alır. Ermənistan və ABŞ arasında əməkdaşlığın dərinləşməsi Moskva və İrəvan arasında qarşılıqlı əlaqələrin xarakterini köklü şəkildə dəyişəcək”, – Atayev bildirib.

Ekspertin sözlərinə görə, Rusiya çətin ki, Ermənistana qarşı sanksiyalar tətbiq etsin, əksinə, hərbi-texniki əlaqələrinə əhəmiyyətli dərəcədə yenidən baxacaq:

“Faktiki olaraq Moskva artıq NATO-nun digər üzvü olan Fransadan həmin ölkəyə hərbi texnikanın tədarükü səbəbindən İrəvanla hərbi əməkdaşlığını tədricən məhdudlaşdırır. ABŞ isə Türkiyə ilə münasibətləri korlamamaq üçün çətin ki, bundan nümunə götürsün. Ona görə də Ermənistan-ABŞ tərəfdaşlığı qonşu Gürcüstanda olduğu kimi, nümayişkaranə birgə hərbi təlimlərlə məhdudlaşacaq”.

Atayev qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hipotetik hərbi toqquşma olarsa, Vaşinqton böyük ehtimalla Türkiyəyə görə İrəvana ciddi yardım göstərməkdən imtina edəcək.