Toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı sadələşdirilmiş qaydada müəyyənləşdiriləcək.
Yenicag.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi dəyişiklik layihəsində müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olan və toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının Prezidentlə razılaşdırmaqla həmin orqan tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı digər orqan (orqanlar) tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı ilə müqayisədə dəfələrlə azdır. Bu səbəbdən həmin sayın daha sadələşdirilmiş qaydada müəyyən edilməsi qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən məqsədəmüvafiq hesab edilib.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.