Hərbi xidmətdə əzasını itirən şəxsin pensiyası kəsildi – ŞİKAYƏT / VİDEO

Hərbi xidmətdə kiçik ölçülü botinka geyindiyi üçün ayaq barmaqları kəsilmiş şəxsin əliliyi ləğv edilib.

Bu barədə Yenicag.az-a şikayətçi Babazadə Yusif özü məlumat verib.

Babazadə Yusif bildirib ki, 2015-ci ildə Astara hərbi komissarlığından tam sağlam şəkildə hərbi xidmətə gedib:

“Naxçıvan Muxtar Respublikasında Dövlət Sərhəd Xidmətində xidmət etmişəm. Üç ay kiçik ölçülü botinka geyindiyimə görə sol ayağım qanqren oldu. Məni hospitala göndərdilər, əməliyyat olundum. Sonra mənə bildirdilər ki, hərbi xidmətə yararsızam. Məni təxris etdilər.

2017-ci ildə mənə ikinci qrup hərbi əlil kimi təqaüd təyin etdilər. 2019- ci il fevral ayına kimi pensiya aldım, sonra əlilik dərəcəmi ləğv etdilər. Mənə bildirdilər ki, Daxili İşlər Nazirliyi sənə qanunsuz əlillik dərəcəsi verib və bu işə yenidən baxılacaq. Pensiyanın bərpası üçün qeydiyyat üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara şöbəsinə müraciət etsəm də, məsələ həllini tapmayıb. 2020-ci ildən heç bir cavab yoxdur. Ailəliyəm, şiddətli ağrılarım var. Yeriməkdə çətinlik çəkirəm, barmaqlarım bükülmüş vəziyyətdədir”.

Hazırda Babazadə Yusifin şikayəti əlillik pensiyasının kəsilməsindəndir. Bu onun maddi durumuna ciddi təsir göstərir.

 

Məsimə