“Hesabat verməyən partiyalar barəsində tədbir görüləcək” – MSK katibi

mskMərkəzi Seçki Komissiyasına (MSK) illik maliyyə hesabatı verməli olan siyasi partiyalar üçün vaxt daralır.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən MSK katibi Mikayıl Rəhimov bildirib ki, siyasi partiyalar bu məsələyə ciddi yanaşmalıdırlar:

“Bildiyiniz kimi, dövlət qeydiyyatından keçən siyasi partiyalar özlərinin illik maliyyə hesabatlarını MSK-ya təqdim etməlidirlər. Bu təcrübənin artıq ötən ildən tətbiq edildiyini nəzərə alsaq, siyasi təşkilatlar MSK-ya verəcəkləri maliyyə hesabatının tərtib olunması və təqdim edilməsi təcrübəsinə malikdirlər. Deyim ki, partiyaların 2016-ci ildə maliyyə fəaliyyətlərinə dair hesabatı MSK-ya çatdırmaları üçün aprelin əvvəlinə qədər vaxtları var. Ancaq təşkilatların bu işi son tarixə qədər saxlamamaları daha yaxşı olardı”.

M.Rəhimovun sözlərinə görə, maliyyə hesabatını gecikdirən və ya ümumiyyətlə, verməyən partiyalar barəsində qanunvericiliyə uyğun qaydada tədbirlər görüləcək:

“Təbii ki, maliyyə hesabatını təqdim etməyən partiyalar buna görə məsuliyyət daşıyırlar. Bu halda həmin partiyalar hətta qeydiyyatlarının ləğv olunması ilə cəzalandırıla bilərlər. Ancaq dediyim kimi, hesabatın təqdim olunması üçün kifayət qədər vaxt var və partiyalar bu işə ciddi yanaşmalıdırlar”.

 

A.Zeynalov
Yeniçağ.Az