Hesablama Palatasının səlahiyyətləri artırıldı

Bu gün Milli Məclisin plenar iclasında yenidən hazırlanan “Hesablama Palatası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Yenicag.az-ın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, yeni qanun layihəsində maddələrin sayı artıb.

6 fəsil 41 maddədən ibarət olan layihədə Hesablama Palatasının statusu, fəaliyyətinin hüquqi əsasları, idarəetmə və təşkilati strukturu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir.

Z.Səmədzadə bildirib ki, qanun layihəsində maliyyə, uyğunluq və səmərəlilik auditi öz əksini tapıb.

Sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir. Qanun layihəsində Hesablama Palatası dövlət vəsaitlərinin xəzinə hesabına və kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil ola biləcək.

Yeni qanun kənar dövlət maliyyə nəzarəti orqanı olaraq Palatanın sərhədlərinin konkret müəyyənləşdirilməsi ilə dövlət vəsaitləri üzərində nəzarəti konkretləşdirir. Onun sözlərinə görə, Palatanın büdcə prosesində iştirakında konkret mərhələlər müəyyən olunub.

Qanunda layihəsində bildirilir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu qanuna və “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq rəy verilməsi üçün Milli Məclisdən Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 30 gün müddətində rəy verir və Milli Məclisə qaytarır.

Layihə müzakirələrdən sonra II oxunuşda səsə qoyularaq qəbul edilib.

COP29