Güləş həyatımın önəmli bir parçasına çevrilib. Günümün hər saatında güləş barədə düşünürəm. Hətta deyə bilərəm ki, bundan başqa həyatımda maraqlı bir şey yoxdur.
Yenicag.az xəbər verir ki, bu fikirləri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Dünya Güləş Birliyinin mətbuat xidmətinə açıqlamasında deyib.
67 kiloqram çəki dərəcəsində yer alan idmançı Fransanın paytaxtına yollanmadan qabaq olimpiya çempionları ilə söhbətləşdiyini bildirib: “Onlardan olimpiadanın ab-havası barədə məlumat aldım. Olimpiya çempionu olmağımı çox arzulayıram. Hətta bunu özüm də təsəvvürümə gətirə bilmirəm. Ümid edirəm ki, çempionluq arzum reallaşacaq”.
Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb. O, bu raundda Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibovla qarşılaşacaq.