Çox sevdiyim və tez-tez dinlədiyim məşhur “Həsrətindəyəm” mahnısına bu gün xüsusi bir sevgiylə qulaq asdım. Təkrar-təkrar dinlədim və bu məşhur əsərin həzin melodiyaları altında pıçıldadım: Əfsuslar olsun ki, indi belə möhtəşəm əsərlər yaranmır, yaxın zamanlarda da yaranacağına heç gümanım yoxdur. Əcnəbi ladlar üzərində oxunan “rakka-çıkka” mahnıların ümidinə qalmışıq. Nə yaxşı ki belə mahnılar var və zaman durduqca da yaşayacaq…
Melomanlar göydə tutdular ki, söhbət “Həyat, sən nə şirinsən?!”, “Nədən oldu”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq” və daha neçə-neçə gözəl bəstələrə həyat verən məşhur bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundovadan gedir. Bu gün onun xatirə günüdür, yəni həyatdan köçdüyü gün. Cümləmə düzəliş edim: yəni cismən köçüb getdiyi günü nəzərdə tuturam.
Çünki bəstəkarlar üçün yalnız bir tarix var, o da doğulduğu tarix. Onların ömürləri bitib-tükənmir. Əgər ruh verdiyi o mahnılar bu gün də yaşayırsa, ruhumuzu ovsunlayıb, zövqümüzü yeniləyirsə, demək ki, Şəfiqə Axundova bu gün də yaşayır. Sadəcə, ömrünü milyonların diində əzbər olan ölməz musiqiləri ilə davam etdirir.
Həyatı acılar içində keçdi, bir gözü güləndə, bir gözü ağladı. Yeganə balasının ölümündən xəbərsiz bu dünyaya vida etdi. Musiqilərinə tutunub ayaqda qalmağı, güclü olmağı bacardı. Acı ömrün şirin bəhrəsi həzin musiqiləri oldu.
Şəfiqə Axundova o bəstəkarlardandır ki, onun musiqilərini sadəcə dinləmirsən. Həm də dincəlirsən, qısa zaman kəsiyində olsa da, bu dünyanın bitib-tükənməyən problemlərindən qopub, ruhunu dincə qoya bilirsən. Dincəlirsən, həm də arınırsan, saflaşırsan, özünə qayıdırsan, özünü yenidən kəşf edə bilirsən.
Şəfiqə Axundova haqqında çox danışmağa da lüzum yoxdur. Onsuz da musiqiləri danışır. O musiqilər ki, Azərbaycan musiqi tarixində əbədi qalacaq və heç vaxt susmayacaq. Ümid edirəm, bu gecə, heç olmazsa, bir gün telekanallarımız Şəfiqə Axundova musiqilərinə efir ayırıb, insanları bir günlük də olsa, “üç badam, bir qoz” mahnıları dinləmək zülmündən xilas edəcəklər. Onlardan məşhur xanım bəstəkarımızın mahnılarından ibarət musiqi ziyafəti gözləyirik. Biz susaq, musiqilər danışsın.
Cəvahir