Mehriban Zeynalova: “Kampaniyanın əsas mahiyyəti odur ki, məsələ müzakirəyə çıxarılsın və fəaliyyət mexanizmləri bir qədər də gücləndirilsin”
Niyaməddin Orduxanlı: “Qadın qətllərinə son” kampaniyasını süni şəkildə gündəmə gətirməyin əleyhinəyəm”
Sənan Nəcəfov: “Əlinə balta alıb xanımını qətlə yetirən Məşədi Sijimquluya həştəqlə təsir etmək mümkündürsə, onda…”
Vətəndaş Cəmiyyəti nümayəndələrinin sosial şəbəkədə son günlərdə həyat yoldaşları tərəfindən qətlə yetirilən xanımların müdafiəsi ilə bağlı təşkil olunun “Qadın qətllərinə son” kampaniyası QHT nümayəndələri arasında sanki bir canlanma yaradıb. Mövzu ətrafında müxtəlif, bir-birindən fərqli fikirlər səslənməkdədir. Bəziləri onu tqdir etsə də, bunun əksini düşünənlər də var.
Görəsən, qadın qətlilə bağlı başlanan bu kampaniya yeni qrant şousudur, yoxsa SOS. Və ya bu tipli həştəqlərlə problemin həlli mümkündürmü?
“Təmiz Dünya” Qadınlar İctimai Birliyinin sədri Mehriban Zeynalova Yenicag.az-a açıqlamasında belə bir kampaniyaya başlamaqda məqsədlərinin problemin müzakirəyə çıxarılıb həll olunması üçün daha ciddi addımların atılmasına nail olmaqdan ibarət olduğunu söylədi: “Qadın qətllərinə son” kampaniyası təşkilatımızın təşəbbüsü ilə həyata keçirilib. Gündəlik həyatımızda, saytlarda, sosial şəbəkələrdə bu istiqamətdə qətllərin artdığını müşahidə edirik. Ona görə də həmin kampaniyaya başlamaqla bununla bağlı “SOS” siqnalı verməyə çalışdıq. Bu vaxta qədər baş verən qətllərdə qadınlar daha çox ittiham olunurdu ki, onlar namussuzdur və buna görə qətlə yetirilirlər. Cəmiyyətdə də bir susqunluq vardı və belədə zorakılıq halları kifayət qədər artıb. Bu kampaniya təkcə qətllərin artmasına qarşı deyil, həm də qadına qarşı zorakılığın artmasına görədir. Kampaniyanın əsas mahiyyəti odur ki, məsələ müzakirəyə çıxarılsın və fəaliyyət mexanizmləri bir qədər də gücləndirilsin. Buna görə də yaxşı olardı ki, kişilər, o cümlədən aqressiyaya meyli olanlar üçün reabilitasiya mərkəzləri artırılsın. Eləcə də sosial işin tətbiqi məsələləri gündəmə gəlsin və bu problemin qarşısını kifayət qədər ala bilək. Lakin hələ də məsələ həll olunmamış qalır. Ona görə də boşananların, kiçəyə atılan uşaqların sayına diqqət yetirdikdə, zibillikdə, küçədə olan uşaqlara baxdıqda görürük ki, qadına qarşı zorakılığın sayı xoşagəlməz bir hala çevrilib. Hətta Daxili İşlər Nazirliyi, Statistika Komitəsinin rəqəmləri də göstərir ki, real olaraq ölkədə qadın zorakılığı artır. Bunu da ən çox namus cinayətkarlığının üzərinə yükləmək heç də bizə yaraşan hal deyil. Hesab edirik ki, belə halların qarşısını almaq mümkündür, sadəcə olaraq bəzi qurumlar məsələyə kifayət qədər həssas yanaşmalıdır”.
Bələdiyyələrin inkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı qadınların qətlə yetirilməsi əleyhinə olduğunu bildirsə də, sözügedən kampaniyanın aparılmasının doğru yanaşma olmadığını bildirdi: “Birmənalı şəkildə qadınların qətlə yetirilməsinin əleyhinəyəm. Ancaq belə hallara təkcə ölkəmizdə deyil, hər yerdə rast gəlinir. Avropanın inkişaf etmiş ölkələrində, Amerikada da həyat yoldaşının öz xanımını qətlə yetirdiyi barədə çoxsaylı məlumatlara rast gəlmək olar. Bu kimi cinayət əməli hər zaman baş verib və təəssüf ki, yenə də baş verəcək. Bu gün Azərbaycanda aparılan “qadın qətllərinə son” kampaniyasının isə əleyhinəyəm. Savadsız, cahil insanlar hər yerdə var. Fikrimcə, biz toplum olaraq cəhalətin aradan qaldırılması istiqamətində iş aparmalıyıq. Maarifçilik işini qurmalıyıq. Məhz bunu kampaniyaya çevirməliyik. “Qadın qətllərinə son” kampaniyasını süni şəkildə gündəmə gətirməyin səbəbi nədir? Bunu başa düşə bilmirəm. Onu nəzərə almalıyıq ki, Azərbaycan dövlətini sevməyən, dövlətimizin milli maraqlarına zərbə vurmağa çalışan xarici qüvvələr var. Hansı ki, həmin təşkilatların da çoxu erməni diasporasının təsiri altındadır. Bu təşkilatlara imkan verməməliyik ki, bir neçə şəxsin cəhalətə yuvarlanması səbəbindən “yararlanaraq” dövlətimizə qarşı istifadə etsinlər. Avropada, ABŞ-da bu tip qətllər Azərbaycanda olduğundan qat-qat çoxdur”.
QHTXeber.az saytının baş redaktoru Sənan Nəcəfov isə düşünür ki, bu olay qrant şousu deyil: “Xaricdən qrantlar bəlli bir qrupa verilir. O qrup isə işini tamam fərqli taktika üzərində qurub. Azərbaycanda xüsusi qrant bossları var ki, onların razılığı, icazəsi, rəyi olmadan ən güclü QHT-yə belə 1 sent də verməzlər. Digər tərəfdən qanunlar dəyişdirilib deyə əvvəlki kimi qrant meydanında at oynada bilmirlər. Bildiyim qədəri ilə bu kampaniyanın təşkilatçıları xaricdən qrant davası edən deyillər. Sadəcə bir çağrışdır. Amma yanaşma düz deyil. Azərbaycanda məişət zəmində hadisələr olur, faciə baş verir. Amma bu o demək deyil ki, hamı əlinə balta, yaba, dəryaz alıb düşüb qadın ovuna. Statistikaya baxsaq rəqəmlər bizi narahat edəcək. Azından 1 qadının belə qətlə yetirlməsi faciədir, bir ailənin çökməsi, uşaqların kimsəsiz qalamsıdır. Bununla razılaşmamaq mükün deyil. Sadəcə mən deyirəm ki, qadına qarşı şiddətə son, qadına qarşı zorakılığa son kampaniyaları aparılarsa daha aydın olar. Həştəq sosial şəbəkə alətidir, fikirləri, eynid üşüncəıləri bir yerə toplayır. Mən bu həştəqdə nəsə yazmaqla əlinə qılınc alıb hər şeyi qılıncdan keçirənlərlə eyni fikirdə olduğumu göstərə bilmərəm. Mən təklif edirəm ki, gəlin bunun üçün normal fəaliyət planı hazırlayaq, təsir mexanizmlərini düşünək, cəmiyyətə fərqli yöndən izah edək. Əlinə balta alıb xanımını qətlə yetirən Məşədi Sijimquluya həştəqlə təsir etmək mümkündürsə, o zaman ictimai nəqliyyatda əlində siqaret, digər əlində mobil telefon, saatda 80km-l sürətlə avtobus idarə edən Məmmədə də buklet paylayın. Bütün yol boyu oxuyub, sizlərə dua edəcək”.
Elçin/Yenicag.az