“Hətta nüfuzlu xarici hərbi analitiklər də iddia edirdilər ki, Azərbaycanın itkiləri…” – Polkovnikdən QİYMƏTLƏNDİRMƏ / VİDEO

“Hərbi əməliyyatların planlaşdırılmasına birbaşa nəzarət edən Ali Baş Komandanımız itkilərimizin minimum olması üçün zəruri tapşırıqlarını verirdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Müdafiə Nazirliyinin Vətən Müharibəsində şəhid olan, yaralanan və itkin düşən hərbçilərimizin sayı ilə bağlı təqdim etdiyi statistikanı dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Şair Ramaldanovun sözlərinə görə, bir sıra mühüm amilləri nəzərə aldıqda, bu itkilərin gözlənildiyindən bir neçə dəfə az olduğu qeyd edilməlidir:

“Bildiyiniz kimi, müharibə zamanı itkilərin hesablanması üzrə xüsusi metodika mövcuddur və bu zaman müəyyən ciddi amillər mütləq nəzərə alınır. O amillərə əsaslanaraq deyə bilərik ki, açıqlanan rəqəm hərbi analitiklərin proqnozlaşdırdıqlarından bir neçə dəfə az olub.

Məlumdur ki, Ermənistan 1994-cü ildən sonra işğal etdiyi Azərbaycan ərazilərini əllərində saxlamaq üçün hazırlıq işləri görüblər. İşğalçı ölkədə bilirdilər ki, Azərbaycan öz ərazilərinin itirilməsi ilə barışmayacaq və müharibə qaçılmaz olacaq. Onlar da buna hazırlaşaraq, tək ön xətdə deyil, dərinliklərdə möhkəmləndirilmiş istehkamlar tikmişdilər.

Digər tərəfdən, işğal altındakı ərazilərdə relyefin və yolların əlverişsizliyi də vurğulanmalıdır. Bütün bunlar hərbi əməliyyatları xeyli çətinləşdirdiyi kimi, itkilərin çox olması riskini də artırır.

Əlbəttə, Vətən uğrunda canından keçən hər bir hərbçimiz bizim üçün əzizdir. Ancaq indi itkilərimizin sayını sırf hərbi amillər nöqteyi-nəzərindən qiymətləndirdiyimiz üçün bu məqamları şərh edirik.

Təsəvvür edin ki, sentyabrın 27-də hərbi əməliyyatlar başlayanda, çox sayda xarici hərbi analitiklər Azərbaycanın canlı qüvvə itkisinin təqribən 20 min nəfər olacağı haqda proqnoz verirdilər. Onlar qarşıdan qış mövsümünün gəldiyini əsas götürərək, bu sayın artacağını da istisna etmirdilər.

Lakin başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, hərbi-siyasi rəhbərliyin çox dəqiq və düşünülmüş fəaliyyəti nəticəsində itkilərimizin sayı gözlənildiyindən 8-9 dəfə az oldu.

Hərbi əməliyyatların planlaşdırılmasına birbaşa nəzarət edən Ali Baş Komandanımız itkilərimizin minimum olması üçün zəruri tapşırıqlarını verirdi və bunun da nəticəsini hər kəs gördü. Ümumiyyətlə, cənab Prezident Vətən Müharibəsinin gedişində atdığı addımlar və qəbul etdiyi qərarlarla özünün sərkərdəlik məharətini də nümayiş etdirdi.

Ali Baş Komandanımız hər əməliyyatdan əvvəl mümkün itkilərimizin minimallaşdırılması üçün hansı əlavə tədbirlərin görülə biləcəyini dəqiqləşdirərək, müvafiq tapşırıqlarını verirdi.

Burada eyni zamanda, Azərbaycan Ordusunun peşəkarlığını da mütləq qeyd etmək lazımdır. Sıravi əsgərlərdən tutmuş aşağı, orta və ali zabit heyətinin yüksək peşəkarlığı itkilərimizin gözlənildiyindan qat-qat az olmasında mühüm rol oynadı.

Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını arzulayıram. İnşallah, itkin düşmüş sayılan hərbçilərimiz də sağ-salamat qayıdarlar”.

Aqil Bəkir