Fevralın 9-u saat 07 radələrində Yevlax rayonu, Hacıselli kənd sakinləri 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi və qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Yevlax rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Elnarə Qarayevanın əri 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, qonşusu İldırım Qarayevə isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.
Mehdi Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.