Küçədə və ya evdə, gündüz ya da gecə… fərqi yoxdur, biz bir çox hallarda ilkin yardımla həyat xilas edə bilərik. Lakin hər hadisədə düzgün müdaxilə edilməli, xüsusilə ehtiyatlı davranılmalı hallarda yalnız ilkin yardım sertifikatı olan şəxslər kömək göstərməlidirlər.
Yenicag.az müxtəlif vəziyyətlərdə anında müdaxilə üçün nəyin lazım olub-olmadığını təqdim edir:
Huşunu itirmə: Xəstə və ya yaralını arxası üstdə uzadın. Ayaqlarını 30 sm. yuxarı qaldırın. Tənəffüs yolunun açıq olduğuna nəzarət edin. Üstünü sıxan geyimlərini çıxarın. Qaytarırsa, başını yana doğru əyin. Xəstə huşunu itiribsə, dərhal təcili tibbi yardım çağırın.
Əsla etməyin: Ayılması üçün sillə vurmaq, silkələmək, su tökmək, kəskin qoxular iylətmək olmaz.
Yanıq: Yanan hissəni təzyiqsiz su altında tutun və dərhal təcili tibbi yardım çağırın. Əliniz yanıbsa, o dəqiqə saat, üzük, bilərzik varsa, çıxarın. Yanan hissə geniş və ya dərindirsə, 1 litr suya 1 çay qaşığı duz qatıb, həmin şəxsə içirdin və ya ona mineral su verin.
Əsla etməyin: Yanan yerə diş məcunu, qatıq, işə yarayacağını düşündüyünüz hər hansı krem çəkmək olmaz. Əks halda, yanan yerdə infeksiya yaranar və bu yaralıya daha çox ziyan verər. Həddindən artıq çox soyuq da yanığa səbəb olur. Odur ki, yanan yerə birbaşa buz tətbiq etməyin.
Ürək tutması: Xəstəni dərhal ən yaxın tibb mərkəzinə aparın və ya təcili tibbi yardım çağırın. Təcili yardım gələnə qədər onun hərəkətsiz qalmasını təmin edin. Geyimlərini boşaldın. Xəstə özündədirsə, onu yarı oturan vəziyyətdə saxlayın. Xəstənin olduğu yerdə hava ağırdırsa, qapı və pəncərələri açın. Huşu özündə deyilsə, nəbzi atmırsa və ya nəfəs almırsa, yalnız ilk yardım sertifikatı olan şəxslər müdaxiə edə bilər. Unutmayın, ilk yardım həyat xilas edir! Lakin yanlış müdaxilə ölümə yol aça bilər!
Əsla etməyin: Xəstəni arxası üstdə uzatmayın, enerji sərf etməsinə imkan verməyin, öskürtməyə çalışmayın. Ürəktutması zamanı öskürtmək qanama və digər xoşagəlməz nəticələrə səbəb ola bilər.
Zəhərlənmə: Həzm sistemi vasitəsilə zəhərlənmədə sadəcə, ağız zəhərli maddəylə təmasda olubsa, su ilə yaxalayın. Zəhərli maddə ələ dəyibsə, sabunla yuyun. Təcili tibbi yardım çağırın. Tənəffüs yolu ilə zəhərlənmədə qapı və pəncərələri açın və ya xəstəni təmiz havaya çıxarın. Rahat nəfəs alması üçün yarı oturan vəziyyətdə saxlayın. Təcili tibbi yardım çağırın.
Əsla etməyin: Xüsusilə yanıcı maddə qəbul edildikdə, xəstə və ya yaralını qusdurmağa çalışmayın. Belə ki, bu zaman kimyəvi maddələr keçdiyi yollara zərər vura bilər.
Qanda şəkərin düşməsi: Qan şəkərinin ani düşməsi nəticəsində xəstədə tərləmə, nəbzin tez-tez vurması, titrəmə, yorğunluq, ürəkbulanma və ani aclıq hissi ortaya çıxır. Qanda şəkəri düşmüş insanlar çox vaxt səndirləyir. Odur ki, belə halda xəstədən uzaq durmağa tələsməyin. Xəstənin huşu özündədirsə, ona şəkərli su verin. 15-20 dəqiqə ərzində vəziyyəti düzəlməsə, arxası üstdə uzadaraq, ayaqlarını 30 sm. qaldırın və dərhal təcili tibbi yardım çağırın. Qanda şəkəri düşmüş xəstənin 2 ədəd kəllə qənd yeməsi həyatını qurtara bilər.
Əsla etməyin: Xəstə huşunu itiribsə, ona ağız yoluyla nəsə verməyə çalışmayın.
Qıcolma: Yüksək qızdırma nəticəsində uşaqların qıcolma riski daim diqqətdə saxlanılmalıdır. Uşağın qoltuqaltını, əl biləyini ilıq suda isladılmış bezlə silin. Xəstəni ilıq suyla isladılmış dəsmala bürüyün. Bu halda qızdırma düşmürsə, otaq temperaturunda isidilmiş vannaya salın və duş qəbul etməsini təmin edin. Qızdırma düşməsə, tibbi yardım çağırın.
Əsla etməyin: Uşağı çox soyuq suyun altında tutmayın. Titrədiyi və ya üşüdüyünü dediyi üçün qızdırmalı uşağı isti geyindirmək ölümcül nəticələrə yol aça bilər!
Boğaza yad cismin düşməsi: Xəstənin huşunun özündə olub-olmamasına baxmayaraq, təcili tibbi yardım çağırın. Əgər huşu özündədirsə və nəfəs ala bilirsə, öskürdün. Kürək sümüklərinin arasına 5-7 dəfə vurun. Cisim çıxmasa, arxaya keçib, ona sarılın. Bir əlinizi yumruq kimi sıxıb, üstdə qalan başbarmağınızı mədənin yuxarı hissəsinə, sinə sümüyünün altına yerləşdirin. Digər əlinizlə yumruğunuzu tutub, möhkəm formada arxaya və yuxarıya doğru basın. Cisim çıxana qədər təkrarlayın. Xəstə huşunu itiribsə, təcili tibbi yardım gələnə qədər yalnız ilk yardım sertifikatı olan insanlar müdaxilə edə bilər.
Əsla etməyin: İnsanın boğazına düşən əşyanı əlinizlə çıxartmağa çalışmayın. Bu zaman həmin cismi daha dərinə itələyərək, nəfəsini kəsə bilərsiniz.