“Piyada keçidi ola-ola insanlar oradan keçmirsə, bu, artıq səhlənkarlıq və insanların nəinki öz taleyinə, həm də cəmiyyətə etinasız yanaşmasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında insanların piyada keçidindən keçməməsinin yaratdığı təhlükə və bununla bağlı görülməli lazım olan tədbirlər haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, yerüstü və yaxud da yeraltı piyada keçidlərindən insanların keçməsi hərəkətin intensivliyi, təşkil olunmasında əsas meyardır:
“Yəni piyada keçidi ola-ola insanlar oradan keçmirsə, bu, artıq səhlənkarlıq və insanların nəinki öz taleyinə, həm də cəmiyyətə etinasız yanaşmasıdır. Düzdür, bəzi ərazilər var ki, yerüstü piyada keçidləri müəyyən dərəcədə bir neçə il perspektivə hesablanıb. Bu insanlar üçün o əhəmiyyətsiz sayıla bilər. Məsələn, 8 Noyabr prospektində 5-10 il əvvəl bir neçə piyada keçidi inşa olunmuşdu. Lakin insanlar buna əhəmiyyətsiz yanaşmışdı. Ağ şəhər layihəsi, digər yaşayış kompleksləri inşa olunduqdan sonra görürük ki, həqiqətən burada piyada keçidinə ehtiyac var. Hər bir ərazi inşa olunan zaman orada hər bir xırda detal nəzərə alınır”.
A.Əsədov qeyd edib ki, piyada keçidindən keçməməyə görə isə bu İnzibati Xətalar Məcəlləsinə görə tənzimlənir:
“20 manat cəriməsi var və birbaşa şəxsin özünə yazılır. Cərimənin artırılması haqda Milli Məclisdə və digər qurumlar tərəfindən təkliflər irəli sürüldü. Lakin məsələ hələ də olduğu kimi davam edir. Bu, təkcə cərimə məsələsi də deyil. Hər bir insan öz taleyi ilə bərabər digər insanları da düşünməlidir. Piyada keçidindən keçməyən və nəticədə qəzaya səbəb olan insan təkcə özünü deyil, digər şəxslərin də narahatlıq yaşamasına səbəb olur. Ona görə də bu məsələlərlə bağlı maarifləndirmə işləri daha sürətli həyata keçirilməlidir”.
İsmayıl Bakuvi