“Heydər Əliyev bir çox şəxsiyyətləri həbsdən qoruyub” – Mədət Quliyev

Mayın 3-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində “Heydər Əliyev -Dövlət Təhlükəsizlik Orqanlarının ilk azərbaycanlı generalı” ümumrespublika konfransı keçirilib.

“Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, konfransda çıxış edən DTX sədri, general-leytenant Mədət Quliyev bildirib ki, dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan Heydər Əliyev bütün sahələrdə silinməz iz qoyub: “Ulu öndər gələcək nəsilər üçün xüsusi məktəb yaradıb. Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşmasında müstəsna rolu olub. Cəmi 23 aylıq müstəqillik yaşayan Azərbaycan 1920-ci ildən sonra Moskvaya tabe edildi. Azərbaycan təhlükəsizlik orqanlarında ölkəsini ürəkdən sevən Heydər Əliyev kimi şəxsiyyətlər də var idi. Əməlliyyat müvəkkili vəzifəsindən DTK sədrinə, leytenant rütbəsindən generala kimi yüksəlmişdir. Ömrünün 25 ilini təhlükəsizlik sistemindəki işinə həsr edib. Gələcək Azərbaycan üçün milli kadrlar yetişdirmişdir. Bu işə 50-ci illərdən başlamışdır. Azərbaycanın tarixi şəxsiyyətlərini məhv edən qüvvələr ona qarşı çıxmışdır. Təzyiqlərə baxmayaq, Heydər Əliyev bu siyasəti davam etdirmişdir. Bir çox şəxsiyyətləri həbsdən, təqibdən qorumuşdur. Onun təhlükəsizlik əməkdaşlarına tövsiyyələri bu gün də öyrənilir.

Xalqın təkidli tələbi ilə 1993-cü ildə Naxçıvandan Bakıya gələrək dövlət idarəçiliyini öz öhdəsinə götürmüşdür. Bundan sonra Azərbaycan dövlətinin bütün sahələri, polis, təhlükəsizlik sistemi formalaşdırıldı”.

M.Quliyev bildirib ki, konfransda iştirak edın gənclər bu mövzuda məruzə hazırlayacaq və münsiflər heyəti tərəfindən seçilən şəxslər mükafatlandırılacaq.

Yeniçağ.az