Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım kampaniyası davam etdirilir.
Yenicag.az xəbər verir ki, iki gündür davam edən yardımtoplama kampaniyasında könüllülər tərəfindən vətəndaşların gətirdiyi əşyaların çeşidlənməsi, qutulara yığılması prosesi aparılır.
Qeyd edək ki, burada ikinci əl əşyalar qəbul olunmur. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə başlatdığı humanitar yardım kampaniyasının 14 fevral tarixinədək hər gün səhər saat 11:00-dan axşam saat 20:00-a qədər davam etməsi nəzərdə tutulub.
Yardım kampaniyasına dəstək göstərmək istəyən şəxslər Bakı İdman Sarayına (Neftçilər prospekti 26a), o cümlədən Heydər Əliyev adına İdman Konsert Kompleksinə (Abbas Səhhət küçəsi 2) gətirə bilərlər.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Aypara Cəmiyyətinin sanitar-epidemioloji şərtlərdən irəli gələrək verdiyi rəsmi açıqlamasına istinadən, virusun yayılma riskini artırdığına görə əhalidən ikinci əl geyim və əşyalardan ibarət yardım göndərməməsi təkidlə xahiş olunur.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi vətəndaşlara yardım kampaniyasında fəal iştirakına görə təşəkkür edir və yalnız ilkin tələb olunan və istifadə edilməmiş ləvazimatların qeyd edilən ünvana təhvil verilməsini xahiş edir.