Tarixdə, xalqın yaddaşında yaşamaq və ehtiramla anılmaq hər siyasətçiyə, hər dövlət xadiminə nəsib olmur. Bu mərtəbəyə yalnız o şəxsiyyətlər yüksələ bilir ki, ömrünü xalqına həsr edir.
Onlar üçün xalqın, dövlətin marağı bütün digər maraqların fövqündə dayanır. Dünya xalqlarının tarixində əhəmiyyətli rol oynamış dövlət başçılarının ömür yoluna nəzər yetirsək görərik ki, xilaskarlıq missiyasını uğurla həyata keçirmək hər liderə də nəsib olmur. Çünki bu missiya siyasi liderdən həm də şəxsi fədakarlıq tələb edir. Şəxsi fədakarlığa isə hər siyasətçi, hər dövlət xadimi hazır olmur.
Bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev AZƏRTAC-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Uinston Çörçill dəyərli kəlamlarından birində belə demişdi: ”Siyasət də müharibə kimi həyəcanlı və təhlükəlidir. Müharibədə bizi bir, siyasətdə isə dəfələrlə öldürə bilərlər”. Nə sovet imperiyası kimi totalitar quruluşun təqib kompaniyası, nə də xalqımızın təkidli tələbi ilə Bakıya qayıtdıqdan sonra həyatına edilən çoxsaylı sui-qəsd cəhdləri ulu öndər Heydər Əliyevi yolundan döndərə bilmədi. Çünki O, bu yola Azərbaycan naminə çıxmışdı və dövlət müstəqilliyimizin qorunması naminə hər cür fədakarlığa hazır idi. Ulu Öndərin bu fikirləri Vətən sevgisinin və xalqa təmənnasız xidmətin onun üçün hansı sərhədlərlə ölçüldüyünü tam şəkildə ifadə edir:
“Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq!”
Xalqımız öz Xilaskarının bu cür mənəvi dəyərlər seçiminə əmin olduğu üçün, torpaqlarımızın işğal edildiyi, milli qürurumuzun sınağa çəkildiyi, dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz və qardaş qırğınına sürükləndiyimiz o ağır günlərdə ümidini yalnız Heydər Əliyevə bağlayırdı. Azərbaycan xalqı inanırdı ki, düşdüyü acınacaqlı vəziyyətdən onu yalnız Heydər Əliyev kimi müdrik dövlət xadimi çıxara bilər. Xalqımız öz liderinə güvəndiyi qədər, Ulu Öndər də gücünü məhz xalqdan alırdı. Heydər Əliyevin hətta bədxahları və siyasi qısqancları belə, o zaman Xalq-Öndər birliyinin qarşısında aciz qalmışdı və bu möhtəşəm birliyin gücü ilə hesablaşmağa məcbur idi. Heydər Əliyev hansı ağır mirasla üzləşdiyini və çiyinlərinə hansı ağır yükü götürdüyünü 1993-cü ilin Prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində bu cür ifadə etmişdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır… Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir”.
“Böyük filosof Jan Jak Russo məşhur kəlamlarından birində belə deyirdi: “Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib”. Ulu Öndərin şəxsi fədakarlığına və zəngin dövlət idarəçiliyi təcrübəsinə söykənən xilaskarlıq missiyası dövlət müstəqilliyimizi tarixdə ikinci dəfə məhv olmaqdan, xalqımızı isə qardaş qanı axıtmağın ağır mənəvi yükündən xilas etdi. Heydər Əliyev məhz belə misilsiz xidmətlərinə görə tarixdə və xalqımızın yaddaşında əbədi yaşayacaq. Ulu Öndərin yüksək intellekti, bənzərsiz idarəçilik təcrübəsi və siyasi xarizması dünyanın ən nüfuzlu siyasi liderlərini və ictimai fikir daşıyıcılarını Heydər Əliyev fenomeni ilə hesablaşmağa sövq edirdi. Bu fikir onların xatirələrində açıq şəkildə etiraf olunur. Türkiyənin sabiq Baş naziri Bülənd Ecevit Ulu Öndərin tarixi şəxsiyyət kimi miqyasını belə ifadə etmişdi: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. ABŞ-ın sabiq Prezidenti Corc Buş isə Ulu Öndərimiz haqqında belə demişdi: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”. Fransanın sabiq Prezidenti Jak Şirakın Heydər Əliyev haqqında söylədiyi fikirlər isə xüsusilə diqqət çəkir: “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.
Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də Ulu Öndərin şəxsiyyətinə böyük ehtiramla yanaşdığını xüsusi vurğulayırdı: “Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb danışıqlar aparmaq böyük şərəfdir”.
Ulu Öndərimiz haqqında bu cür dəyərli xatirələrin kifayət qədər geniş olduğunu vurğulayan deputat deyib: “Onlar da öz növbəsində bir daha təsdiq edir ki, Heydər Əliyev yalnız bir xalqın, yalnız bir dövlətin sərhədlərinə sığmayan nadir tarixi şəxsiyyətlərdəndir. Ulu Öndərimizi tarixdə əbədi yaşadacaq ən böyük əsəri isə memarı olduğu müasir Azərbaycandır. O Azərbaycan ki, artıq dünyada Prezident İlham Əliyevin liderliyi ilə haqqını bərpa etməyə qadir olan qalib dövlət kimi tanınır və sayılır. Eynilə Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradındakı çıxışında söylədiyi kimi: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.
Ülvi Quliyev diqqətə çatdırıb ki, Ulu Öndərin ən sədaqətli əqidədaşı Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbirindəki çıxışında müasir Azərbaycanın bütün uğurlarının, o cümlədən tarixi Zəfərinin təməlində məhz Heydər Əliyev siyasi irsinin dayandığını bir daha xüsusi qeyd etdi: “Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm… Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir”.
Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasının xalqımızı məhz bugünkü, fəxr etdiyimiz qalib Azərbaycana qovuşduracağına əmin olduğu üçün belə deyirdi: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”