Hörmətli oxucular! Tanınmış şair Əjdər Ol öz gözəl şeirləriylə Sizlərə yaxşı tanışdır. Bununla yanaşı o, həm də şahidi olduğu, müasirlərindən eşitdiyi maraqlı hadisələri, lətifələri, duzlu-məzəli əhvalatları qələmə alaraq, kitab halında çap etdirmişdir. Bu marağı nəzərə alaraq, 10may.az saytı Əjdər Ol yaradıcılığının bu sahəsinə müraciət etməyə, onun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabından seçmələri mütəmadi olaraq öz oxucularıyla bölüşməyə qərar verdi.
***
1991-ci ilin fevralında Azərbaycan SSR Ali Sovetinin yeni tərkibinin
ilk iclasında Naxçıvandan deputat seçilmiş Heydər Əliyev çıxış edərək
1988-ci ildən sonra Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağla bağlı
apardığı siyasətin yarıtmaz olduğunu bildirdi. İqtidarı təmizə çıxartmaq
məqsədilə və Heydər Əliyevə cavab olaraq xalq deputatı, yazıçı
Bayram Bayramov 1969-1982-ci illərdə Azərbaycanın dövlət başçısı
olmuş Heydər Əliyevi keçmiş fəaliyyətinə görə çox kəskin tənqid etdi.
Bu hadisə xalq arasında böyük narazılığa səbəb oldu. Bir neçə
gündən sonra “Aydınlıq” qazeti Bayram Bayramovun Heydər Əliyev
respublikamızın rəhbəri olan vaxtlar onu təriflədiyi məqaləsindən bir
parçanı (“Ədəbiyyat və İncəsənət” qəzetindən) və ona bağışladığı “Gün
batanda” kitabındakı bu avtoqrafı dərc etdi:
“Əzizimiz Heydər Əliyeviç!
Xalqımıza qeyrətlə və müdrik rəhbərlik etdiyinizə görə Sizə “çox
sağ olun” deyirik! Xalqımızın xalqlar arasında, respublikamızın respublikalar
arasında ön cərgələrə çıxmasında fövqəladə fəaliyyətiniz,
intəhasız fədakarlığınız üçün Sizə ürəkdən “var olun” deyirik! Daha
yeni, daha böyük uğurlar naminə canınız sağ olsun, ömrünüz dağa
dönsün!
Minnətdarlıq əlaməti olaraq Bayram Bayramov, 05.11.81”.
Fevralın 19-da bir gün əvvəl vəfat etmiş şairə Mədinə Gülgünün
cənazəsi Abbas Mirzə Şərifzadə adına Aktyorlar Evində qoyulmuşdu.
Mərasimdə Heydər Əliyev də iştirak edirdi. Matəm mitinqindən sonra
qohum-əqrəbası mərhumla vidalaşan zaman fasilə yarandı, hamı
salonu tərk etdi. Aktyorlar Evinin qarşısında Heydər Əliyevin başına
xeyli adam yığışdı. Mən təxminən onun üç addımlığında dayanmışdım.
Onunla görüşən kim, Ali Sovetin yeni tərkibinin ilk iclasında
Bayram Bayramovun hələ soyumamış tənqidinə görə ona arxa çıxdığına
bildirən kim…
Bu vaxt tənqidçi və yazıçı Qulu Xəlilli adamların arasından çıxıb
Heydər Əliyevə yaxınlaşaraq onunla xüsusi mehribanlıqla görüşdü
və dedi:
– Heydər Əliyeviç, məni tanıdınızmı? Mən Qulu Xəlilliyəm! Vaxtilə
kitabımı sizə hədiyyə vermişəm. Avtoqraf da yazmışdım.
Heydər Əliyev həmişəki məğrur ədası ilə cavab verdi:
– Tanıdım sizi, Qulu Xəlilov! Kitabınızı saxlayıram. Mənə yazdığınız
avtoqraf da yaxşı yadımdadır. Hətta Bayram Bayramovdan da
təmtəraqlı yazmışdınız.
* * *
1991-ci ilin martında Bakı Filarmoniyasında Azərbaycan Yazıçılar
Birliyinin növbəti Qurultayı keçirilirdi. O zaman Moskvada vəzifədən
uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıdıb orada Muxtar respublikanın
Ali Məclisinin sədri seçilmiş Heydər Əliyev Bakıda olduğundan
qurultayda iştirak edirdi. Qurultay başlayanda şair Məmməd Aslan
ayağa durub iclasın sədrindən Heydər Əliyevin rəyasət heyətinə
dəvət olunmasını xahiş etdi. Yazıçılar bu təklifə qoşularaq əl çaldılar.
Heydər Əliyev ayağa durub dedi:
– Burada mənim yerim rahatdır. Mən həmişə yuxarılardan
aşağılara baxmışam, indi aşağılardan yuxarılara baxmaq istəyirəm.
* * *
Həmən qurultayda, özüm şahid oldum, fasilə zamanı Heydər
Əliyev foyedə şair Xəlil Rza ilə görüşüb ondan soruşdu:
– Bəs niyə Naxçıvana gəlmirsən? Dəvət edirəm! Buyur, gəl! Xəlil
Rza cavab verdi:
– Ustad Cəlaləddin Ruminin bir kəlamı var:
Şair şah qapısında gədadan gəda,
Şahsa şair evində ucadan uca!
Heydər Əliyev gülümsədi:
– Şükür Allaha, nə mən şaham, nə də sən saray şairi. On dörd il
(1969–1982) “şahlıq” etdim, səni bircə yol da Mərkəzi Komitənin
həndəvərində görmədim. İndi mən məmləkətin yox, onun bir
bölgəsinin başçısıyam. Buyur, gəl!
* * *
1992-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri olan zaman Bakıdan bir dəstə ziyalı Naxçıvana onun
görüşünə gedir. Həmin ziyalılardan biri danışırdı ki, rəsmi qəbuldan
sonra Heydər Əliyev bizi yenicə formalaşmaqda olan hərbi hissəyə
apardı. Hərbi hissədə səliqə-səhmanı, nizam-intizamı görən yol
yoldaşlarımızdan biri – şair Abbas Abdulla üzünü Heydər Əliyevə
tutub soruşdu:
– Heydər bəy, böyük zəhmət çəkmisiniz, hərbi hissəni qısa bir
zamanda belə sahmana salmaq zor işdir. Burada qulluq edən əsgərlərin
sayı nə qədərdir?
Hərbi sirri açmaq istəməyən Heydər Əliyev gülümsündü:
– Abbas bəy, sən kəndçi adamsan, arıçılıqdan yaxşı başın çıxar,
bilmirsən ki, arıların sayını deyəndə arılar qırılıb tərg olur?!
* * *
1992-ci ildə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkən
yığıncaqların birində Şəmkirdən onu görməyə getmiş boyu yarım
metrə yaxın, çəkisi 19 kiloqram olan orta yaşlı Alı Əliyev adlı bir nəfər
ona yaxınlaşıb salam verir və Heydər Əliyevdən soruşur:
– Məni tanıdınızmı?
Heydər Əliyev Alını yadına sala bilmir.
Alı, vaxtilə ölkə rəhbəri Heydər Əliyevin Şəmkirdə ona mükafat
verdiyini yada salır.
Sonra deyir:
– İstəyirəm bir şəkil çəkdirək! Yoxsa Şəmkirə qayıdanda sizinlə görüşdüyümü
sübut edə bilmərəm.
Qəribə vəziyyət yaranır. Şəkil çəkdirənlərdən birinin çox uca, birinin
çox gödək olduğunu görən fotoqraf çaşır.
Heydər Əliyev fotoqrafa deyir:
– Şəkli elə çək, mən də düşüm!
* * *
Naxçıvan Muxtar Respublikasının Baş naziri olmuş Şəmsəddin Xanbabayev
danışırdı ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Heydər Əliyevlə qonşu İran İslam Respublikasına səfərdən qayıdanda
İran ərazisindən Xudafərin körpüsünə baş çəkdik. İşğal edilmiş
Azərbaycan ərazisindən atəş açılacağından ehtiyat etdiyimdən
bədənimlə onu qorumaq cəhdimi hiss edən Heydər Əliyev zarafatla
mənə dedi:
– Şəmsəddin, özünə əziyyət vermə, mənim boyum səninkindən yarım
metr hündürdür. Sən məni erməni gülləsindən qoruya bilməzsən,
havayı qurban gedərsən.
* * *
Şəmsəddin Xanbabayevdən bir əhvalat da eşitmişəm:
– Heydər Əliyev rəsmiyyəti çox sevirdi. Heç kəslə aranı açmazdı.
Xüsusilə iş yerində idarəçilik prinsiplərini qoruyardı. Bir dəfə
Naxçıvandan ona zəng açıb qəbuluna gəlmək istəyimi bildirdim.
Şərtləşdiyimiz kimi ertəsi gün səhər saat 10-da Prezident Aparatında
onun qəbulunda oldum. Mənim üçün çay gətirtdi. Çay içib səmimi
söhbət etdik. Bakıya köçmək, burada bir işlə təmin olunmaq arzumu
ona bildirdim. O, ani fikrə getdikdən sonra dilləndi:
– Sən adi işçi deyilsən, Naxçıvan Muxtar Respublikasının Baş nazirisən.
Mən Naxçıvanda olanda birgə çətin günlər keçirmişik. Sənin
xidmətlərin var. Gərək fikirləşəm. Get, axşam saat beşdə mənim yanımda
olarsan.
Axşam saat beşdə yenidən ölkə prezidentinin qəbulunda idim.
Oturub Heydər Əliyevin sözə başlamasını gözləyəndə qulağıma addım
səsləri gəldi. Ancaq fikrim və diqqətim prezidentdə idi. O, səs
gələn tərəfə baxıb gözlərini ağartdı. Həmən anda qanrılıb arxaya baxdım
və gördüm ki, yaşlı xidmətçi qadın əlindəki çay padnosunu daldalı
yeriyərək geri aparır.
Heydər Əliyevin mənə səhərki məhrəm münasibəti qadını çaşdırmışdı.
Ona deyilmədən iki stəkan çay gətirirdi.
Heydər Əliyevin təcrübəli dövlət xadimi kimi hər xırda məsələyə
incəliklə yanaşması, hətta səmimiyyətdə belə həddin gözlənilməsinə
fikir verməsi mənim üçün növbəti həyat dərsi oldu.
* * *
Azərbaycan Respublikası Ali Sovetinin sədri, respublika prezidentliyinə
namizəd Heydər Əliyev 1993-cü il sentyabrın 21-də Elmlər
Akademiyasının əsas binasında ölkəmizin ziyalıları ilə görüşdü. Ziyalılar
bir-bir tribunaya qalxıb respublikamızda yaranmış çətinliklərlə
bağlı xeyli danışıqdan sonra söz Heydər Əliyevə verildi. O, tribunaya
çıxmadı və adəti üzrə ayaq üstə durub dedi:
– Mən 1969-cu ildən bəri üçüncü dəfədir ki, bu salonda ziyalılarla
görüşürəm. İki dəfə demişəm, bu gün də təkrar edirəm: Siz tribunanı
küncdən ortaya gətirin! (Tribuna səhnənin küncündə qoyulmuşdu.) Mən
küncə çəkilmək istəmirəm. Nə qədər ki, sizin tribuna küncdə olacaq,
mən sizin tribunaya çıxmayacağam!
* * *
Azərbaycan Respublikası Ali Sovetinin sədri, prezident
səlahiyyətlərini icra edən Heydər Əliyev 1993-cü ilin iyun – Gəncə
hadisələrindən sonra nala-mıxa vuran, sudan quru çıxmaqdan
ötrü ümumi sözlər danışan yüksək vəzifəli dövlət xadimlərinə
özünəməxsus tərzdə deyirdi:
– Mövqeyinizi bildirin!(10may.az)