XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, “Sərhəd hərəkatı” adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin.
Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini daha da gücləndirdi. Diasporla İş üzrə Dövlət Komitəsi 42 ölkədə yaşayan azərbaycanlıların statistikasını təqdim edib. Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır.
Bu gün azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr qeyri-rəsmi məlumatlara görə, İran, Türkiyə və Rusiyadır. İranda 30 milyon, Türkiyədə 3 milyon, Rusiyada isə 2 milyon azərbaycanlı yaşayır.
Eyni zamanda Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna da azərbaycanlıların çox yaşadığı ölkələr içərəsində liderlik edir. ABŞ-da qeyri-rəsmi məlumatlara görə, 450 000, Almaniyada 200 000, Ukraynada isə 280 000 azərbaycanlı yaşayır.
XX əsrin əvvəllərindən təşəkkül tapan və fəaliyyətini son dövrlərdə xeyli gücləndirən Azərbaycan diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan özəkləri, birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edir. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların 100-dən artıq ictimai, milli və mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Müstəqillik qazanıldıqdan sonra əldə olunan nailiyyətlər sayəsində bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açılmışdır.
Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Heydər Əliyev xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlayırdı. Ulu öndər xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verərdi. “Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir” – deyə ulu öndər bildirmişdir.
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlilərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.
Bu qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi.
Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də bütün dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultayda ən yaddaqalan məqam isə ümummilli lider Heydər Əliyevin proqram xarakterli çıxışı oldu. Ulu öndər dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini söylədi.
I qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın birləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar. Diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı.
Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətlərinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Milli Məclis isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun qəbul etdi. Dövlət komitəsinin yaradılması və qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin genişləndirilməsini təmin etdi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul verdi.
Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır.
Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verməklə ötən illərin əlamətdar hadisələrindən biri kimi yadda qalmışdır. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktlarının faktlarla dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı dərin məzmunlu çıxışında xaricdəki azərbaycanlılara və respublikanın müvafiq dövlət qurumlarına bu sahədə görülmüş işlərdə arxayınlaşmamağı, daha böyük nəticələrə nail olmağı tövsiyə etmişdir.
Bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlilərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Odur ki, Asiyada, Avropada, Amerikada və digər qitələrdə məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər.
Müstəqil Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır.
Elmi əsaslar üzərində qurulmuş xarici siyasət xətti ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin edir. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlər xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Belə ki, yola saldığımız 2015-ci il də Azərbaycanın həyatında bir sıra uğurları ilə yadda qalacaqdır. Böyük əminliklə demək olar ki, qarşıdakı illər Azərbaycan üçün daha uğurlu və daha böyük nailiyyətlərlə dolu olacaqdır.
Azər Verdiyev
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri,