“Dollar 3 manat olacaq” – YAP-çı iqtisadçıdan qorxulu proqnoz

24189_fuadf3Növbəti həftə 21 dekabr devalvasiya qərarının 4 ayı tamam olacaq. Ötən müddətdə hökumət hansı addımlar atdı və bu addımların təsiri adekvat idimi? Vətəndaş bunu öz büdcəsində hiss etdimi? Suallar çoxdur. Yeni Azərbaycan Partiyasının və Demokratiya və Rifah Hərəkatının üzvü, iqtisadçı-alim Fuad İbrahimovla söhbətimizdə gündəmin mövcud suallarına cavab verməyə çalışdıq.

– Fuad müəllim, sizinlə yanvarın 14-də görüşəndə 21 dekabr devalvasiyasının bir ayının tamam olmasına bir həftə qalmışdı. O zaman iqtisadiyyatımızın gələcəyi ilə bağlı çox bədbin fikirlər səsləndirdiniz. Bu gün devalvasiya qərarından 3 ay ötüb. Bu müddətdə hökumətin iqtisadi siyasətdə verdiyi qərar və sərəncamları adekvat hesab edirsinizmi?

– Verilən qərar və sərəncamlar iqtisadi nəzəriyyəyə əsaslanır, beynəlxalq təcrübədən keçib. Ancaq bizim əsas vəzifəmiz böhrandan çıxmaqdır və bunun üçün imzalanan qərarlar, atılan addımlar əks istiqamətdə getməlidir. Hazırda daha çox destruktizasiya gedir. Misal üçün, Mərkəzi Bankda, yaxud Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsində struktur dəyişikliyi… Bunlar yaranmış problemə aidiyyatı olmayan proseslərdir. Əlbəttə, bunlar da olmalıdır, ancaq iqtisadiyyatın sabit vaxtında həyata keçirilsəydi, daha yaxşı olardı. Bu nöqteyi-nəzərdən iqtisadi siyasətdə verilən qərar və sərəncamları adekvat hesab etmirəm.

– O zaman yaxın üç ayda da proses bu cür davam edərsə, hansı fəsadlarla qarşılaşa bilərik?

– Hazırda iddia etmirəm ki, Azərbaycan iqtisadiyyatı tam tənəzzülə gedir. Ancaq tamamilə durğunluq vəziyyətinə çatmışıq, ən əsası da proseslərdə makroiqtisadi səviyyədə orta sahibkarlıq sinfi gözləmə mövqeyinə keçib. Bu, insanlarda qənaətçilik paradoksunun yaranmasından irəli gəlir. Qarşıdan Novruz Bayramı gəlir, əksər ailələr istirahəti kənara qoyub, yaxud bazarlarda, marketlərdə müşahidə apararkən istehlak səbətindən bir neçə məhsulun çıxarıldığını görürsən. Bu, insanlarda qənaətçiliyin güclənməsi deməkdir. Hazırda qənaətçilik paradoksuna məruz qalan sahibkarlar əziyyət çəkir. Bu baxımdan iqtisadiyyatımızda durğunluq pik həddinə çatıb, bu mərhələdən sonra sürətli tənəzzül gələcək.

– Maliyyə naziri Samir Şərifov əhaliyə çağırış etmişdi ki, “yastıq altındakı” pullarını banklara qaytarsınlar. Bunun üçün 15-17%-lik bondlar da buraxıldı, dövlət banklarla rəqabətə girişdi, bankların gücü çatmadığı bir məsələdə dövlətin adından Maliyyə Nazirliyinin dövriyyəyə girməsi və onlar üçün rəqibə çerilməsi nə dərəcədə ciddi siyasət idi?

– Manatın indiki vəziyyətində istiqrazların buraxılması heç bir effekt verməyəcəkdi. Bu hər kəsə aydın idi. Səbəb də manatın insanlar arasında etibarını itirməsidir. Tərifləyə-tərifləyə bir il ərzində manatı 100% dəyərdən salmışıq. Bu fonda hər hansı vətəndaşın evindəki son ehtiyatını istriqazlarla əvəzləməsi reallıqdan kənar olardı.

“Qənaətçilik paradoksuna məruz qalan sahibkarlar əziyyət çəkir. Bu baxımdan iqtisadiyyatımızda durğunluq pik həddinə çatıb, bu mərhələdən sonra sürətli tənəzzül gələcək”

– Hökumət üzən məzənnəyə keçdiyini bildirərkən manatın dəyərini neftin dünya bazarındakı qiymətinin tənzimlənəcəyiylə əlaqələndirirdi. Son günlər neft bahalaşsa da, manat dəyərini itirir. O zaman sual yaranır: neftin bahalaşmasının manata olan təzyiqi azalda bilməməsinin səbəbi nədir?

– Neftin qiymətinin qalxmasını manatın məzənnəsiylə uyğunlaşdırmaq düzgün deyil. Nəyə görə? Birincisi, Azərbaycan iqtisadiyyatı neft amilindən asılı olduğu üçün və neftin qiymətini dünya bazarında dörd dəfə endiyinə görə əziyyət çəkib makroiqtisadi tarazlığımızı pozmuşuq. Bundan sonra neftin qiyməti 80 dollara qalxıb o həddə qalsa, iqtisadi tarazlığımızı bərpa etməyimiz çətin görünür. İqtisadi tarazlığımızın bərpa olunması üçün makroiqtisadi səviyyədə kompleks tədbirlər həyata keçirilməlidir.

– Məsələn, hökumət hansı addımlar atmalıdır?

– Baxın. Gömrükdə, vergidə, kənd təsərrüfatında, vətəndaşların əməkhaqqı məsələsində problemləri görürük, amma bunların aradan qaldırılması üçün kompleks tədbirlər görülmür. ADR hərəkatı böhrandan çıxış üçün tədbirlər planı sənədini hazırladı və biz onu hökumətə təqdim etdik. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov da sənədin onlara çatdığı və Qubad İbadoğluna təşəkkür etdikləri haqqında məktub göndərdi.

– Bəs sənədin praktikaya tətbiqinin əlamətləri görünürmü?

– Təəssüf ki, yox. Bilirsiniz, hər hansı tədbir görüləndə onun effekti əldə olunmalıdır. Azərbaycanda bu yoxdur.

– O zaman sualımı konkretləşdirim: prezident özünə iqtisadi məsələlər üzrə köməkçi təyin etdi, uçot dərəcələri qaldırıldı, ardınca bir sıra sərəncamlar imzalandı. Bunlar özlüyündə tədbir deyilmi?

– Bu tədbirlər planı daha çox struktur dəyişikliyi ilə bağlıydı. Bizə mövcud struktur dəyişiklikləri əsasında problemləri aradan qaldırmaq lazımdır. Adi bir misal: vətəndaşların dollarla olan kreditlər ilə bağlı qərar qəbul olunubmu?

– Milli Məclisin sonuncu iclasında bu istiqamətdə hansısa layihə üzərində işlənildiyi bildirildi…

– Belə olmalı deyil. Biz bütün dünyaya öz iqtisadi inkişafımız, müxtəlif modellərimiz barədə bəyanatlar səsləndiririk. Necə olur ki, iqtisadçı ekspertlər ötən ilin fevralından öncə də devalvasiya barədə proqnoz verir, Maliyyə Nazirliyi heç bir reaksiya vermirdi? Axı, dövlətin bu istiqamətdə siyasətini Malyyə Nazirliyi həyata keçirir. Ən azından, Mərkəzi Bank vasitəsilə əhaliyə kütləvi formada dollarla kredit verilməsinin qarşısını ala bilərdi, yaxud məhdudlaşdırardı.

“Struktur dəyişiklikləri əsasında hansı problemlər aradan qaldırıldı? Vətəndaşların dollarla olan kreditləri ilə bağlı qərar qəbul olunubmu?”

– Bu gün artıq dollarla kredit alanlara zamin duranlar həbs olunur…

– Bu məsələyə daha çox hüquqşünaslar izah verə bilər. Düzdür, zamin duranlar da məsuliyyət daşıyır. Ancaq bu vəziyyəti yaradan maliyyə korpusumuzdur, onların məsuliyyətsizliyi indiki problemləri doğurub.

– Fuad müəllim, hazırda insanları növbəti devalvasiyanın olub-olmayacağı barədə suallar narahat edir. Bu barədə nə deyə bilərsiniz?

– Devalvasiya latın dilindən gəlmə sözdü, “de” – aşağı, “valiya” isə aşağı səviyyə deməkdir. Bu iqtisadi termin milli valyutaların dəyərdən salınmasından daha çox optimallaşmasına aparan bir alətdir. Bizdə isə devalvasiya prosesi məcburiyyət qarşısında aparıldı. Bizim valyutamızın dəyəri dollara nisbətdə heç vaxt 0,78 qəpik olmayıb, süni şəkildə bu cür saxlanılırdı. Ancaq devalvasiya qərarları optimallaşma istiqamətində deyildi, məcburiyyətdən irəli gəlirdi. Çünki Mərkəzi Bankın valyuta ehtiyatları sürətlə tükənirdi. Ötən ilin 21 fevral devalvasiyasından sonra maliyyə korpusu müxtəlif fikirlər irəli sürdü, ixrac potensialının artırılması, dünyada gedən iqtisadi böhran və sair məsələlərə görə qərarlar verildi. Halbuki dünyada iqtisadi böhran yoxdur.

– Böhran neft ölkələrində də gedirmi?

– Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Küveytdə böhran varmı? Xeyr, yoxdur. Adlarını sadaladıqlarım neft amilindən tamamilə asılı ölkələrdir.

– Yenə əvvəlki sualıma qayıdıram: növbəti devalvasiya olacaqmı və ümumiyyətlə, manatın real dəyəri nə qədərdi?

– Bilirsiniz, manatın indiki dəyəri mübahisəli məsələdir. Manatın dəyərini mövcud iqtisadi vəziyyətimizlə ölçsək – söhbət qeyri-neft sektorundan, ÜDM, idxal-ixrac əməliyyatlarından gedir – manatın dəyəri 2,85 və 3 rəqəmi ətrafında olacaq. Sabit buraxsaq, əlbəttə ki, gedib həmin səviyyəyə dirənəcək. Çünki heç nəyimiz yoxdur. Yalnız AzTv adında tərifi-nadirimiz var ki, bu barədə ötən söhbətimizdə danışdıq.
Müdafiə Nazirliyi, Sərhəd Qoşunları niyə daxili məhsulları xaricdən alırlar?”

– Siz durğunluqdan sonra tənəzzülün gəldiyini dediniz. Bəlkə tənəzzülün zamanını və mənzərəsini də göstərəsiniz?

– Artıq həmin zamana çatmışıq. Hazırda banklarla müştərilər arasında yaranan problemləri, həbsləri xatırlatdınız. Bunlar tənəzzülün siqnallarıdır. Sonra orta sahibkarlar fəaliyyətlərini dondurub, iflic vəziyyətindədirlər. Yeganə stimullaşdırıcı fəaliyyət göstərənlər iaşə, ticarət obyektləridir, digər sahələr sürətlə tənəzzülə gedir. Son üç ayda bir çox sahələrdə orta sahibkarlıqla məşğul olanlar daha çox icarə haqqı ödəyirlər. Bu isə çox davam edə bilməz.

– Onda maşın və mənzil bazarının çökməsi haqda deyilənləri bölüşürsünüz?

– Tamamilə.

– Bu nə ilə nəticələnə bilər?

– Bayaq dediyim məsələdir, qənaətçilik paradoksunun nəticələridir, vətəndaşlar bazar prosesində iştirakdan çəkinirlər. Bazar münasibətlərində belə mühit ən təhlükəli hesab edilir. Belə mühit yaranırsa, ondan çıxmaq çox çətindir. Sovet dövründə də istiqrazlar buraxıldı, bəlkə də bir sıra vətəndaşlarımızın evində qalır. Manatın məzənnəsinin son 10 ildə sabit qalması insanlarda, tədricən, iqtisadiyyata inam yaratmışdı, ancaq mən 0,78 qəpiyi düzgün məzənnə hesab etmirəm. Bu, zamanında və tədricən yumşalmalıydı, iqtisadçılar da bu barədə təkliflər səsləndirirdilər. Biz vaxt itirdik və bunu bərpa etmək də mümkün deyil.

– Amma hökumət banklara inamı bərpa etmək üçün müəyyən addımlar atdı, əmanətlərin üzərindən gəlir vergisi götürüldü, tam sığortalanma qərarı verildi. Bununla belə əhalinin banklara inamı sezilmir, insanlar əmanətləri qaytarmır, yaxud geri çəkir. Sizcə, daha hansı addımlar atılmalı və qanunlarda hansı dəyişikliklər edilməlidir?

– Qanunlarda dəyişikliklərə ehtiyac yoxdur, qanunlarımız beynəlxalq standartlara cavab verir. Biz qanunları hərəkətə gətirməliyik. Bizsə bunu edə bilmirik. Misal üçün, gömrük prosesində sabitlik və şəffaflıq görə bilirsiniz? Yəqin ki, bunlar olsaydı, birinci komitə özü çəkiliş edib televiziyalarda yayardı.

– Ancaq komitənin sədri Aydın Əliyev bugünlərdə heç bir problemin olmadığını dedi və jurnalistləri monitorinqə dəvət etdi…

– Bu, daha çox demoqoqiyadır. ADR hərəkatının rəhbəri Qubad İbadoğlu yaxınlarda “güzgü metodologiyası” ilə apardığı araşdırma nəticəsində bir neçə faktı üzə çıxartdı. Ancaq komitədən buna reaksiya verən olmadı. Yəni komitənin məsul şəxsləri çıxıb məsələyə münasibət bildirmədilər. Yenə də həmin vəziyyətdir, heç bir şəffaflıq yoxdur. Biz 21 dekabr devalvasiyasından əvvəl pilot proqram həyata keçirtdik, MDB dövlətlərinin birindən 2 min 500 avro dəyərində mal ixrac etdik. Proqram üzrə gömrük rəsmiləşdirilməsiylə Bakı Gömrük Komitəsində özüm iştirak etdim. təsəvvür edirsinizmi, malın dəyəri qədər xərcimiz çıxdı. 540 manata qədər bəyannamələrə ödədik, halbuki dünyada belə şey yoxdur. Yenə əvvəlki vəziyyətdir.

– Keçək iqtisadiyyatın başqa tərəfinə. Ölkəyə valyuta axınını təmin etmək üçün hökumət daxili borclanmayla yanaşı xarici borclanmaya da gedir, artıq beynəlxalq fondlardan 2 milyard civarında borc alınacağı barədə fikirlər səslənir. Bu mənada gələcəkdə xarici və daxili borcların ödənməsində hansı çətinliklər yaranacaq?

– İqtisadi praktikada daxili borclanmaya getmək var. Lakin bizim vəziyyətimizdə borclanmaya konkret layihə əsasında getməliyik. Misal üçün, Qubad müəllimin verdiyi layihə, sənəd ictimailəşdirilə və bunun əsasında dövlət borclanmaya gedə bilər. Çünki 100% effekt əldə edəcək. Amma borclanmaya yenə Beynəlxalq Bankın batmış 6 milyard krediti üsulunda gedilsə, heç nə alınmayacaq. Yaxud Heydər Əliyev Mərkəzinin ətrafındakı beşmərtəbəli binaların aqlayla örtüləndən üç ay sonra tamamilə sökülməsi, Xırdalan yolunda aliminium mühafizə zolağı qoyub sonra da betonlarla əvəzlənməsi, yaşıl təpəciklər salıb sonra da dağıtmaq üslubunda getsək, gələcək nəsillər bizi bağışlamayacaq.

– Yekuna gələk. Yenə də bədbin olaraq qalırsınız. Söylədiklərinizdən belə çıxır ki, yaxın bir ildə böhrandan qurtula bilməyəcəyik və daha ağır mərhələ başlayacaq?

– Üç gün əvvəl ATV kanalında sitrus meyvələrlə bağlı mövzu müzakirə olunurdu. Sual verildi ki, əgər cənub rayonlarında bu meyvələri yetişdirmək mümkündürsə, niyə xaricdən gətirməliyik? Kəndlilər deyir ki, mallarını bazara soyuducularının olmaması səbəbindən çıxarda bilmirlər. Bəs bu sahəni idarə edən Kənd Təsərrüfatı Nazirliyi nə ilə məşğuldur?

– Amma nazir Heydər Əsədov bugünlərdə bildirdi ki, artıq insanlar kəndə qayıdırsa, deməli, aqrar sektor inkişaf edir…

– Bax, bu cür adamları idarəetmədən kənarlaşdırmaq lazımdır. Onlar ölkə rəhbərinə də işləməyə imkan vermirlər. Öz vəzifələrini yerinə yetirə bilmədiklərindən indiki durum yaranıb. Yaxud Müdafiə Nazirliyi, Sərhəd Qoşunları niyə daxili məhsulları xaricdən alır? Kəndlilər, fermerlər sual edirlər ki, niyə onlara sifariş verilmir? Əlbəttə, problem inhisarçılıqdadır. Gərək Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı hökumətin qarşısına təkliflər paketi qoysun. Onların işi isə büdcədən ayrılan vəsaiti darmadağın etməkdir. Son 10 ildə də belə olduğundan bütün sahələr tənəzzülə uğrayıb. Azərbaycanı bu vəziyyətə salan büdcədən qeyri-qanuni mənimsəmələrdir.(Xəbər365)