Heydər Oğuz: “Ramiz Mehdiyev qandallanaraq həbsxanaya göndərilməlidir” – MÜSAHİBƏ

“Rusiyanın Qərblə Şərqi birləşdirən bu layihələrə təcavüzü qlobal iqtisadiyyata qarşı müharibə açmağa bərabərdir”.

Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiyaya qarşı sərt bəyanatla çıxış edib. O, Rusiyanın Ermənistana “təyyarə ilə tikinti materialları göndərməsi” arqumentinin inandırıcılığına şübhə ilə yanaşdığını, bunun üçün daha səmərəli yolların olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Moskvanın Ermənistanı silahlandırdığına görə öz etirazını dilə gətirmiş və bu məlumat ölkə başçısının mətbuat xidməti tərəfindən rəsmi qaydada yayımlanmışdı. Üzərindən çox keçmədən Prezident köməkçisi tərəfindən eyni mövzunun gündəmə gətirilməsi Moskva ilə Bakı arasında ciddi dartışmaların getdiyindən xəbər verir. Bəs Moskva ilə Bakı arasında getdikcə vüsət alan bu gərginlik Azərbaycan üçün hansı riskləri doğura bilər?

Ədalət partiyasının sədr müavini, şair-publisist Heydər Oğuzla söhbətimizdə bu və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq.

– Heydər bəy, Moskva-Bakı arasındakı gərginliyin getdikcə artması, sizcə, nə vəd edir?

– Rusiya böyük dövlətdir. Sözsüz ki, onunla aramızda gərginliyin yaşanması rəsmi Bakının istədiyi ən son şey ola bilər. Bununla belə, gərginlik yaşanırsa, deməli bu, bizim iradəmizən asılı olmayan səbəblərdən qaynaqlanır. Dövlətlərin elə incə nöqtələri var ki, ona toxunsan, istər-istəməz sərt təpki ilə qarşılaşarsan. Belə deyək, pişiyi divara sıxışdırsan, sənin kim olduğuna baxmaz, üzünə cırmaq atar. Məsəli Azərbaycandan uzaq, görünür, ölkəmizə təzyiq elə ciddi boyutdadır ki, rəsmi Bakı Moskvaya sərt cavab verməyi və bunu ictimailəşdirməyi məsləhət bilir. Zənnimcə, düz də edir. Azərbaycanın rus imperializminin caynağından qurtulmasının vaxtı çoxdan çatıb. Necə ki, Baltikyanı dövlətlər, Ukrayna, Gürcüstan ondan üz döndərməyi bacarıb və bunun üçün bədəllər ödəməyi gözə alıb, Azərbaycan da bunu etməlidir.

Bu zamanadək rəsmi Bakının digər possovet ölkələri kimi addım atmamasının yeganə səbəbi geopolitik münasibətlərin bizim xeyrimizə olmamasından və Rusiyanın bu qədər üstümüzə gəlməməsindən qaynaqlanırdı. İndisə bıçağın sümüyə dirənmə anıdır və Rusiya ilə yaxşı münasibətlərə üstünlük verən hazırkı hakimiyyət belə, Moskva ilə əlaqələri qoparmaq barədə düşünür. Üstəlik, bu təkcə ritorikada qalmır, hakimiyyət orqanlarında illər uzunu kök salmış “5-ci kolon”unun təmizlənməsi prosesi ilə bərabər aparılır. Məlum olduğu kimi, Rusiyanın Azərbaycandakı “5-ci kolo”nunun aparıcı şəxsi Ramiz Mehdiyev və onun komandası idi. Bu adam 25 illik kreslosundan uzaqlaşdırılaraq, AMEA-na göndərildi. Amma bu yerdə də boş dayanmadı və özünün komandasını təşkilatlandırmaq işini davam etdirdi. Zaman-zaman mediaya ötürülən məlumatlarda Ramiz Mehdiyevin bir sıra nazirləri başına topladığı, hansısa məsələləri müzakirə etdiyi bildirilirdi. Bütün bunlar bəlkə də ona görə mediaya sızdırılırdı ki, Moskvaya və onun “5-ci kolon”una nəzarət altında olduqları çatdırılsın və bu dairələr öz məkrli planlarından əl çəksinlər. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Putinlə söhbətində 400 ton silahın İrəvana çatdırılmasını deməsi də Azərbaycanın əks-kəşfiyyat orqanlarının dəqiq işləməsi barədə mesaj idi. Əks halda, həmin silahların miqdarını, onların hansı yolla ünvanına çatdırılması o dəqiqliklə bildirilə bilməzdi. Di gəl ki, Rusiya və onun uzantıları Azərbaycanın bu xəbərdarlığına əhəmiyyət vermir, öz təxribatçı fəaliyyətlərini davam etdirirdilər.

Bu gün bir çoxları Ramiz Mehdiyevin nəvəsinin toyuna qarşı aqressivliyin səbəbini anlaya bilmirlər. Bəzilərimiz bəlkə düşünürük ki, karantin qadağalarını pozduğuna görə Ramiz Mehdiyevin yaxınlarına bu cür ağır cəzalar verilməsi törədilən əmələ adekvat deyil. Əgər cəzanın motivi doğrudan da karantin qaydalarının pozulması olsaydı, bu cür düşünənlər haqlıdırlar. Fəqət burada söhbət adı tam olaraq qoyulmayan, gizli tutulan cinayətlərdən gedir. Rəsmi Bakı hələ də Moskva ilə münasibətləri korlamaq istəmədiyi üçün Ramiz Mehdiyevin əsl günahını açıqlamır. Nəticədə onun cəzasının bədəlini binəva nəvəsi ödəyir. Mənə qalsa, nəvənin toyunu burnundan gətirmək insafsızlıqdır. Cəza birbaşa Ramiz Mehdiyevin özünə verilməli, onun cinayəti açıq şəkildə üzünə oxunmalı və qoluna qandal vurulub həbsxanaya göndərilməlidir.

– Sizcə, Ramiz Mehdiyev və onun komandası Cinayət Məcəlləsinin hansı maddəsilə ittiham olunmalıdır?

– Açığı, mən Cinayət Məcəlləsi ilə tanış deyiləm. Ramiz Mehdiyevin əməllərinə hüquqi qiymət vermək səlahiyyəti də heç vaxt məndə olmayacağından bu barədə hər hansı fikir söyləmək istəmirəm. Amma barəsində irəli sürülən iddialar doğrudursa, o, ən ağır maddə ilə – dövlətə xəyanətlə ittiham olunmalıdır. Çünki onun fəaliyyətində Azərbaycanı aparıb Rusiyanın quyruğuna bağlamaq, dolayısıyla dövlət suverenliyinə qəsd şübhələri var. Bu şübhələr nə dərəcədə doğrudur, ona Azərbaycan məhkəmə sistemi qiymət verə bilər.

– Sizcə, Rusiyanın Azərbaycandan istədiyi nədir? Niyə rəsmi Bakı ilə Moskva bir araya gəlib paylaşa bilmədikləri məsələlərə aydınlıq gətirmirlər?

– Məsələ burasındadır ki, Rusiyanın Azərbaycandan istədiyi güzəştlər rəsmi Bakının iradəsindən asılı deyil. Bu baxımdan, Moskvanın təzyiq ünvanı da əslində, Bakı olmamalıdır. Bilirsiniz ki, ABŞ Rusiyanı çökdürmək üçün onun enerji siyasətini iflasa uğratmaq istəyir. Bunun üçün isə Moskvanın Avropanı neft və qaz inhisarına almaq istəməsini bəhanə gətirib, müttəfiqlərini Rusiya qazından imtina etməyə çağırır. Rusiya isə Avropanın qaz tələbatının hardasa 40 faizini verir. Sözsüz ki, bu, böyük rəqəmdir və Avropanın bundan imtina etməsi üçün alternativlər tapılmalıdır. ABŞ-ın alternativ mənbələr kimi təklif etdiyi qaz layihələri arasında isə Azərbaycanın Avropaya çəkdiyi qaz kəməri də var. Rusiya özünə ehtiyac yaratmaq üçün bu alternativləri aradan qaldırmağa çalışır. Dolayısıyla Azərbaycanın TANAP-TAP kimi layihələri bizim iradəmizdən asılı olmayaraq, Rusiyanın gözünə alternativ kimi görünür. Halbuki Azərbaycanın enerji mənbələrinin həcmi Rusiya ilə rəqib olmağa imkan vermir. Belə ki, Rusiya müxtəlif layihələri çərçivəsində Avropaya ildə 200 milyard kub metr həcmində qaz ixrac edir. Azərbaycanın TANAP-TAP layihəsilə ixrac etdiyi qaz isə cəmi 16 milyard kub metrdir. Yəni Rusiya qazının heç 8 faizi belə deyil. 16 milyard kub metrlik həcmin 10 milyardını Türkiyəyə satırıq. Avropaya çıxardığımız isə 6 milyard kub metrdir. Üstəlik, qazımızı çıxardığımız bazarın 100 faiz tədarükçüsü də Rusiya deyil. Rusiya bu bazarın tələbatının cəmi 40 faizini ödəyir. Başqa sözlə desək, biz onun bazarına girmirik, sadəcə, yerdə qalan böyük hissədən çox kiçik paya iddialıyıq. Bu mənada biz eyni bazarın ehtiyaclarını ödəsək belə, rəqib deyilik. Rusiya isə bizim bu cüzi payımızın məhv olmasını istəyir. Bu, ona bənzəyir ki, sizinlə mən bağımızda yetişən almanı bazara çıxarırıq. Sizin almanız daha az, mənimki isə çoxdur. Bazarın isə bizim ikimizin məhsulunu aldıqdan sonra bir o qədər də almaya ehtiyacı var. Di gəl ki, “bazarkom” məni sevmir. Almamın həmin bazarda satılmasına qadağa qoyur. Mən isə günahı sizdə görüb piştaxtanızı dağıdıram. Siz mənim barəmdə nə düşünərsiniz? Deməzsiniz ki, elə igidsən, get “bazarkom”a xox gəl? Bu gün Rusiyanın bizə xox gəlməsi də bunun kimidir. Məşhur rus şairi Krılovun “Qurd və quzu” təmsilinə bənzəyir. Qurdun məqsədi əgər quzunu yeməkdirsə, hansı ortaq məxrəcə gəlməkdən söhbət gedə bilər? Quzu qurda yalvaracaq ki, sən canın, məni yeyəndə başımdan yox, ayağımdan başla?

– Deyirsiniz ki, Rusiya-Azərbaycan münasibətləri də bu qədər faciəvidir? Biz doğrudanmı quzu vəziyyətindəyik?

– O baxır, söhbət nədən gedir. Mən sizə Rusiyanın bizə qarşı planının nəyə bənzədiyini izah edərkən, bu misalı çəkdim. Amma sözsüz ki, Azərbaycanın da Rusiyanın bu təcavüzkarlığına verə biləcəyi cavablar var və verəcək də. Unutmayaq ki, nə dövran Moskvanın özünü regionun “qurd”u kimi apardığı dövrandır, nə də Azərbaycan 70 il onun müstəmləkəsi altında qaldığı ölkədir. Şükür Allaha, ölkəmiz 30 ildir, müstəqilliyini bərpa edib və beynəlxalq qurumlara üzv olub. Özümüzə görə, pis-yaxşı ordumuz var və 1920-ci ilin 28 aprelindəki vəziyyətdə deyilik. Dünya dəngələri də Rusiyanın ziyanına dəyişir. Biz bir xalq olaraq hər kəslə, xüsusilə, yaxın qonşularımızla sülh şəraitində yaşamağa üstünlük veririk. Amma torpağımız uğrunda mübarizə tələb olunarsa, Azərbaycanda öz milli şərəfini həyatından üstün tutan kifayət qədər qəhrəman oğullar var. Müharibələrin isə bir qələbə amili var – ilahi ədalət. İstənilən müharibədə haqlı olan tərəf qələbə qazanır. Rusiya ilə gərginlikdə haqlı olan tərəf bizik.

– Ermənistanın iyulun 12-də Azərbaycana növbəti hərbi təcavüzünü bir çox ekspertlər məhz Rusiyanın enerji strategiyası ilə əlaqələndirirlər. Onların fikrincə, Rusiyanın dəstəyi ilə Ermənistan Tovuzdan keçən enerji və kommunikasiya xətlərini dayandırmaq üçün bu hücuma başlamışdı. Belə başa düşürəm ki, siz də bu qənaətdəsiniz.

– Bəli. Bu barədə hər kəs demək olar ki, eyni fikirdədir. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə, ermənilərin Azərbaycanın beynəlxalq layihələrinin 15 kilometrliyinə qədər irəliləmək istəyini etiraf etmişdi. Bir növ Rusiyanın əsl planını açıqlamış və rəsmi Bakıya müəyyən mesajlar çatdırmağa çalışmışdı. Mənim üzərində dayanmaq istədiyim başqa bir məqam var: Rusiyanın Azərbaycan iqtisadiyyatının can damarlarını ələ keçirmək siyasəti bu ilin iyul ayında yox, 12 il əvvəl başlayıb. Söhbət rus ordusunun 2008-ci ildə Gürcüstana hücum edib Cənubi Osetiyanı almasından gedir. Rusiya bu işğalla faktik Bakı-Ceyhan, TANAP layihələrinin, Bakı-Tblisi-Qars dəmiryolunun keçdiyi bölgənin 10 km-nə qədər gəlib çıxıb. Faktik olaraq, Azərbaycanın beynəlxalq layihələrinə tam nəzarəti ələ keçirib. Bununla belə, bu layihələr təkcə Azərbaycanın deyil, transmilli kompaniyaların maraq dairəsindədir. Dolayısıyla onların qorunması da beynəlxalq məsələdir. Qərblə Şərqi birləşdirən bu layihələrə təcavüz qlobal iqtisadiyyata qarşı müharibə açmağa bərabərdir. Azərbaycan bu layihələrlə öz müstəqilliyini qarantiya altına alıb. Təbii ki, bu fakt bizi rus hücumlarından tam sığortalamır. Sadəcə, onu demək istəyirəm ki, Azərbaycan Krılovun təmsilindəki “quzu” da deyil. Rəsmi Bakının Moskva qarşısında ötkəm danışması öz gücünün fərqində olmağından qaynaqlanır.

– Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə və Rusiya səfərini necə qiymətləndirirsiniz? Deyəsən, Ceyhun müəllim vəzifəyə yeni təyin olunanda, onun perspektivinə çox inanmırdınız. Türkiyə və Rusiya səfərində isə nədənsə, səsiniz çıxmadı…

– Doğrusu, Ceyhun Bayramovun öz sələfindən daha peşəkar siyasət yürüdəcəyinə inanmırdım. Bu qənaətə gəlməyimdə əsaslı səbəblərim də vardı. Belə ki, yeni nazir indiyədək hər hansı diplomatik postda vəzifə tutmamışdı. İki il müddətində təhsil naziri işlədiyi dövrdə də gözə çox dəyməmişdi. Dolayısıyla hansı səviyyəyə malik olub-olmadığı da çox adam üçün sirr idi. Mən də onu yaxşı tanımırdım. Mənə ən qəribə gələn isə o idi ki, yeni vəzifəsinə gedəndə, özüylə bərabər komandasını da aparmışdı. Məntiqlə, onların da təcrübəsi yox idi ki, yeri gələndə Ceyhun Bayramova kömək edə. Bununla belə, açığını deyim ki, onun xüsusilə Rusiya səfərini xeyli bəyəndim. Düzdür, rusiyalı həmkarı ilə görüşünün ilk dəqiqələrində həyəcana qapıldığı hiss olunurdu, amma sonra özünü yaxşı toparlaya bildi. Doğrusu, ilk görüşdə həyəcanlanmağı diplomatın passivinə yazmaq ədalətsizlik olardı. Diplomat da insandır, üstəlik, öz məsuliyyət yükünü anlayırsa, həyəcanlanmalıdır. Həyəcan onun öz vəzifəsinə yanaşmasından irəli gəlir. Ən əsası isə bu görüş Ceyhun Bayramov tərəfindən yox, Rusiya xarici işlər naziri tərəfindən hazırlanmışdı. Ceyhun Bayramov Moskvaya Lavrovun dəvətilə getmişdi. Bu, həm də gündəmin Lavrov tərəfindən müəyyənləşdirilməsi mənasına gəlir. Mən şair olduğumdan deyişmədə rəqib qafiyəsinin nə anlama gəldiyini başa düşürəm. Hər adamın işi deyil ki, rəqibin tutduğu qafiyənin öhdəsindən rahatlıqla gələ. Çünki qarşındakı adam ev tapşırığına hazırlaşıb və səni sınağa çəkir. Sənin isə onun qafiyəsindən xəbərin yoxdur. Hazırlıqsız vəziyyətdə rəqib qabağına çıxıbsan. Hesab edirəm ki, Ceyhun Bayramov bu çətinliyin öhdəsindən gəldi. Onun Rusiya mətbuatına verdiyi müsahibələri də diqqətlə izlədim. Suallara cavabları məni qane etdi. Özəlliklə jurnalistin “Ermənistanla danışıqlara hazırsınızmı” sualına cavabı mükəmməl idi. Ceyhun müəllim bildirdi ki, əvvəl Ermənistan BMT TŞ-nın 4 qətnaməsini yerinə yetirməyə hazır olduğuna bizi əmin etməli, sonra danışıqlara bel bağlamalıdır. Fikrimcə, bu, kifayət qədər gözəl mövqedir. Sən əgər beynəlxalq tələbləri yerinə yetirmirsənsə, deməli, danışıqlara xoş niyyətlə gəlmirsən. Rusiyanın kəşf etdiyi koronavirus peyvəndi barədə də dedikləri tam diplomatik cavab idi: “ÜST bu peyvəndin effektivliyini qəbul edərsə, biz də onu almağa hazırıq”. Yəni Rusiyanın da könlünə dəymədi və topu ÜST-ün ayağına atdı.

– Ceyhun Bayramovu sələfindən daha mükəmməl diplomat hesab edirsiniz? Axı Elmar Məmmədyarovun 16 illik təcrübəsi var.

– Ataların gözəl bir misalı var: “Çuxura su tökməklə quyu olmaz. Su gərək quyunun dibində ola”. Elmar Məmmədyarov 16 il yox, 160 il də nazir olsaydı, onun mediaya açıqlamalarını Leyla Abdullayeva yazacaqdı. Ceyhun Bayramov isə hətta ilk dəfə getdiyi ölkələrin media qurumları qarşısında özü danışırdı. Həm danışıq tərzi mükəmməl idi, həm də mövqeyi. Tərifləmək kimi olmasın, Ceyhun Bayramov ilk sınaqdan pis çıxmadı. İnşallah, cəmiyyətimizə verdiyi bu müsbət təəssüratları yerə vurmaz. Mən nazirə çiyninə götürdüyü ağır yükü daşımaqda uğurlar arzulayıram.