Bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda yanlış olaraq, Bakı metropoliteninin “Həzi Aslanov” stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı bildirilir.
Yenicag.az xəbərinə görə, “Bakı Metropoliteni” QSC bildirir ki, yayılmış məlumat həqiqəti əks etdirmir və Səhmdar Cəmiyyətin sədr müavini Hidayət Məmmədov heç bir kütləvi informasiya vasitəsinə bununla bağlı açıqlama verməyib, eyni zamanda, məsələ ilə bağlı müəssisənin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət olunmayıb:
“Qeyd olunmalıdır ki, bu günlərdə QSC sədrinin müavini televiziya proqramlarından birinin efir qonağı kimi hidrogeoloji təsirlərin qarşısının alınması məqsədilə “Həzi Aslanov” metrostansiyasında qabaqlayıcı tədbirlərin görülməsi üçün əsaslı təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu və bu məqsədlə dövlətin müvafiq səlahiyyətli orqanına müraciət olunduğunu qeyd edib. Lakin onun çıxışında stansiyanın bağlanması ilə bağlı ifadə yer almayıb. Buna rəğmən məlumat dərc edən kütləvi informasiya vasitələri heç bir əsas olmadan və naməlum səbəblərdən təmir işləri ilə stansiyanın bağlanması arasında qəribə məntiqi bağlılıq quraraq və dəqiqləşdirmə aparmadan tamamilə yanlış məlumat yayıblar. Bununla da ictimaiyyət arasında çaşqınlığın yaranmasına səbəb olublar”.
“Bakı Metropoliteni” QSC bildirir ki, “Həzi Aslanov” stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub: “Stansiya infrastrukturunu və onun konstruksiyasını hazırda hər hansısa təhlükə gözləmir. Əsaslı təmir məhz gələcəkdə yarana biləcək təhlükənin qarşısını əvvəlcədən almağa hesablanıb. Ən əsası, təmir dövründə stansiyanın sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb.
Ümumiyyətlə, “əsaslı təmir” anlayışı stansiyanın mütləq şəkildə bağlanması zərurətini yaratmır və bunu nəzərdə tutmur. Təmirlə əlaqədar sərnişinlərə hər hansısa təhlükənin yaranması ehtimalı olduqda, habelə təmirlə əlaqədar onların hərəkətinin tam məhdudlaşdırılmasına zərurət yarandığı hallarda stansiyanın bağlanması qaçılmaz olur. Əsaslı təmir və yenidənqurma zamanı stansiyanın bağlanmadan aparılmasına “Nizami” stansiyasında görülmüş işlər əyani nümunədir. Həmçinin “Xətai” stansiyasında da platforma və yolların təmiri stansiya bağlanmadan həyata keçirilmişdi. Bu stansiyanın bağlanması zərurətini istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi zamanı onun bir giriş-çıxışlı olması yaratmışdı. Məlumdur ki, son illərdə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar” stansiyalarında eskalatorlar yenisi ilə əvəz edilərkən, sərnişinlər digər giriş-çıxışlardan, “28 May” stansiyasında isə “Cəfər Cabbarlı” stansiyasının keçidlərindən istifadə edirdilər.
Onu da xüsusi qeyd edək ki, Bakı metropoliteninin bütün infrastrukturu, o cümlədən mövcud stansiya və tunellərinin vəziyyəti, dayanıqlığı, etibarlığı daimi nəzarət altındadır. Metropolitendə bununla bağlı gündəlik təftiş və yoxlamalar aparılır. Tunel geyiminin və onun arxa hissəsinin müayinələri və monitorinqləri də bu prosesin tərkib hissəsidir. Bunun üçün müxtəlif müasir avadanlıqlardan, 2015-ci ildən isə həm də dünyada nadir diaqnostika qurğularından biri hesab olunan metropoliten infrastrukturunu çoxfunksiyalı diaqnostik yoxlama kompleksindən istifadə olunur.
Bir daha xatırladırıq ki, “Bakı Metropoliteni” QSC fəaliyyətində sərnişinlərin maraqlarını daim əsas götürür və təmir-bərpa, yenidənqurma işlərinə başlanmazdan əvvəl bütün məlumatları tam təfsilatı ilə ictimailəşdirir, yaranan hər bir sualı cavablandırır. Bundan savayı, təmir işlərinin gedişi ilə bağlı ictimaiyyətə müntəzəm məlumatlar yayır.
Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC bir daha kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, Bakı metropoliteni şəhərin əsas ictimai nəqliyyat vasitələrindən biridir, şəffaflıq və obyektivlik, ictimaiyyətə maksimum açıqlıq müəssisənin fəaliyyətinin prioritet istiqamətlərindədir. Dəqiqləşdirilməmiş məlumatlar ictimaiyyətdə, ələlxüsus metro sərnişinləri arasında yanlış təsəvvürlər, çaşqınlıq və təşviş yaradır, birmənalı qarşılanmır, müəssisənin nüfuzuna və onun kollektivinin əməyinə xələl gətirir”.