!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hicran Hüseynova məsələni bu şəkildə qoymaqla yeni bir müzakirə başladır və...” – REAKSİYA

!Reklam – Yazi

“İşsiz kimi qeydiyyata alınmış bir vətəndaşı işlə təmin etmək fürsəti yarananda, o, bundan imtina edir”.

Bu fikirləri Milli Məclisin komitə sədri Hicran Hüseynovanın səsləndirdiyi “sosial yardım insanları xarab edir” fikrinə münasibət bildirən ekspert Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bir çoxları işləmək əvəzinə, dövlətdən aldığı yardım hesabına yaşamağa davam etmək istəyir:

“Bu məsələ zaman-zaman gündəmə gəlir və müxtəlif fikirlər səsləndirilir. Belə yanaşmalar var ki, dövlət vətəndaşı sosial yardımlara çox öyrədir. Hətta mən ötənlərdə ümumi sosial yardımlarla bağlı yox, məcburi köçkünlərə verilən yardımlarla əlaqədar bəzilərinin xoşuna gəlməyən yazı da yazmışdım.

O yazıda qeyd etmişdim ki, tir kimi oğlanlar onillər ərzində dövlətin boynundan asılıb sosial yardım almamalıdır, bunu adətə çevirənlər var. Bu mövqeyə görə üstümə çox gəldilər, çox qınanıldım. Ümumilikdə hesab edirəm ki, əmək qabiliyyəti olub da, hər hansı səbəbdən işləməyənlərə sosial yardım verilməməlidir.

Fikrimcə, sosial yardımlar fiziki məhdudiyyətləri olan, eyni zamanda, obyektiv səbəblərdən işləməsi mümkünsüz olan, himayədən kənar qalan yaşlı insanlara ayrılmalıdır. Amma vətəndaşların sosial yardım almaq üçün ucdantutma müraciət etmələri qəbuledilən deyil.

Əslində, Hicran Hüseynova məsələni bu şəkildə qoymaqla yeni bir müzakirə başladır və düşünürəm ki, bu müzakirələrin faydası olacaq. Niyə? Ona görə ki, məsələn, işsiz kimi qeydiyyata alınmış bir vətəndaşı işlə təmin etmək fürsəti yarananda, o bundan imtina edir, düz-əməlli təhsili yoxdur, amma təklif olunan işləri özünə yaraşdırmır. İşləmək əvəzinə, dövlətdən aldığı yardım hesabına yaşamağa davam etmək istəyir. Belə olmamalıdır”.

A.Zeynalov

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv