Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-nin “Newsweek” nəşrində dərc olunmuş məqaləsində COP29 öncəsi Azərbaycanın iqlim böhranı ilə yanaşı, regional sülhə nail olmaq istiqamətindəki səyləri və Ermənistanla ikitərəfli razılaşmaların əhəmiyyətinə diqqət çəkib.
Yenicag.az xəbər verir ki, Prezidentin köməkçisinin yeni məqaləsi, Azərbaycanın COP29 sammiti öncəsi beynəlxalq ictimaiyyətə mühüm çağırışlarla çıxışını əhatə edir.
Hikmət Hacıyev bu sammitin təkcə iqlim məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda sülh və təhlükəsizlik məsələlərinin də bu toplantıda əhəmiyyətli rol oynadığını vurğulayıb.
PA-nın şöbə müdiri Ermənistanla ikitərəfli sülh danışıqlarının COP29-a ev sahibliyi hüququnun əldə edilməsində əsas rol oynadığına diqqət çəkib. Ermənistanla Azərbaycan arasında tarixi razılaşmaların əldə olunması, o cümlədən əsirlərin mübadiləsi və sərhəd delimitasiyası komissiyalarının fəaliyyətini qeyd edən Hacıyev bu prosesin sülhə doğru irəliləməsi üçün vacib addım olduğunu bildirib.
Hikmət Hacıyev Azərbaycanın bu sammitdə qlobal iqlim razılaşmasının əldə olunmasına töhfə verməkdə qətiyyətli olduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu mühüm müzakirələr zamanı həmrəylik göstərməyə çağırıb.