!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hikmət Hacıyev: "Azərbaycana qarşı hibrid müharibə aparılır"

!Reklam – Yazi

“Ermənistanın beynəlxalq media nümayəndələrini Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq etməsi jurnalizm prinsiplərinə ziddir”.

Bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin iclasında çıxışı zamanı deyib. O, beynəlxalq media nümayəndələrinin informasiya əldə etmək hüququna hörmətlə yanaşdığını söyləyib: “Amma xüsusilə münaqişə zonalarında fəaliyyət zamanı dövlətlərin akkreditasiya qaydalarına, sərhəd keçid rejimlərinə, qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, həmçinin münaqişəyə birtərəfli və qeyri-obyektiv yanaşma olmamalıdır”.

Hikmət Hacıyev ənənəvi və onlayn media, eləcə də sosial şəbəkələr vasitəsilə saxta xəbərlərin, dezinformasiyanın yayılması və propaqanda fəaliyyətinin həyata keçirilməsinin ifadə azadlığını ciddi şəkildə pozduğunu vurğulayaraq “ideoloji təcavüz”, “informasiya müharibəsi” və ya “hibrid müharibə” kimi fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığına diqqət çəkib: “SSRİ-nin dağılması dövründə və müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın yürütdüyü “informasiya təcavüzü” və “informasiya müharibəsi” ilə üzləşmişdir. Ermənistan BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğalı, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni gizlətmək üçün informasiya müharibəsi, propaqanda və dezinformasiya əməllərinə əl atıb. Erməni lobbi dairələrinin dəstəyi ilə bu tendensiya “hibrid müharibə” formasında bu gün də Azərbaycana qarşı davam etməkdədir”.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana qarşı olan yeganə propaqanda və dezinformasiya mənbəyi olmadığını deyən H. Hacıyev Birinci Avropa Oyunları dövründə Azərbaycana qarşı aparılan və hətta “psixoloji müharibə” səviyyəsinə çatdırılan propaqanda və dezinformasiya kampaniyaları barədə ətraflı danışıb və bir çox aparıcı media orqanlarının bu prosesdə iştirak etməsinin təəssüf və narahatlıq doğurduğunu vurğulayıb. O, hər hansı bir fakt ortaya qoymadan və cavab hüququna imkan vermədən ölkəyə qarşı bu qəbildən olan qarayaxma və dezinformasiya kampaniyalarının hələ də aparıldığını BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

H. Hacıyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrinin yerinə yetirilməməsinin Azərbaycan ictimaiyyətində haqlı və legitim suallar yaratdığını qeyd edərək, BMT-nin informasiya strategiyasının effektivliyini artırmaq üçün qəbul edilmiş qətnamə və qərarların icrasının vacibliyinə diqqət çəkib.(APA)

www.yenicag.az

4663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv