!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hikmət Hacıyev: “Ermənistan tərəfindən saxta döyüş səhnələri hazırlanır”

!Reklam – Yazi

Ermənistan və qondarma rejim tərəfindən biri digərinə zidd olan çoxlu sayda yalan və saxta məlumatlar yayılır. Nəticədə bu kimi saxta məlumatların ifşası üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac qalmır.

Yenicag.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

Prezidentin köməkçisi deyib ki, Ermənistanın müdafiə nazirinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni hərbçilərlə fotoşəkli Ermənistanın muzdlularla bağlı saxta kampaniyasını alt-üst etdi: “Ermənistanın Müdafiə Nazirliyi və digər qurumları yeni muzdlu barədə məlumat verəcəklərini bəyan etdikləri halda, Ermənistanın Ədliyyə Nazirliyi üçüncü muzdlunun olmadığını etiraf etdi. Yəqin ki, səhnələşdirilmiş teatr üçün müvafiq şəxsi tapa bilməyiblər. Süni ruh yüksəkliyi yaratmaq üçün özünü bloqqer adlandıran şəxslər cəlb olunaraq Ermənistan tərəfindən həmçinin saxta döyüş səhnələri hazırlanır.

İşğaldan azad edilmiş ərazilərimizdə mülki insanın öldürülməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır. Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biri də odur ki, Azərbaycan mülki insanlarla savaş aparmır”.

Hikmət Hacıyev qeyd edib ki, Xocalı soyqırımı insanlıq əleyhinə cinayətin bariz nümunəsi olaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsil mahiyyətini nümayiş etdirdi. İrqi ayrı-seçkilik əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı etnik təmizləmə törədilib. Onun sözlərinə görə, Tərtər, Gəncə, Bərdə və digər şəhərlərin mülki əhalisinin, o cümlədən azyaşlı uşaqların raket hücumları ilə qətlə yetirilməsi Ermənistanın Xocalı soyqırımı siyasətinin davamıdır. Dəyişən yalnız istifadə olunan vasitələrdir. Ermənistan silahlı qüvvələrinin doktrinasında və döyüş hazırlığında mülki Azərbaycan əhalisinin hədəfə alınması müəyyən edilmiş məqsədlərdən biridir.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan mülki insanlar üçün ən böyük təhlükə Ermənistan və kriminal xunta rejimidir. Onlar tərəfindən mülki insanlara qarşı cinayətlərin törədilməsi və sonra buna görə Azərbaycanın günahlandırılması halları istisna edilməməlidir: “İşğal olunmuş ərazilərimizdə yaşayan mülki erməni əhalisini ayıq-sayıq olmağa və hərbi əməliyyatların getdiyi ərazilərdən kənar durmağa çağırırıq. Azərbaycanın nəzarətində olan əraziyə keçmək istəyən mülki insanlara beynəlxalq humanizm prinsipləri əsasında bütün lazımi yardım və dəstək göstəriləcək”.

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv