Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb

Oktyabrın 8-də Moskvada Azərbaycan nümayəndə heyətinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko arasında işgüzar görüş keçirilib.

APA-nın Moskva müxbiri Azərbaycanın Rusiyadakı Səfirliyinin Teleqram kanalına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli müttəfiqlik qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən cari regional məsələlər müzakirə edilib.

“3+3” formatında, Azərbaycan-Rusiya-İran üçlü formatında əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS ilə qarşılıqlı fəaliyyəti və digər məsələlərə xüsusi diqqət yetirilib.

Hikmət Hacıyev Rusiya XİN başçısının müavininə Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesinin gedişi barədə məlumat verərək, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması üçün Ermənistanın qanunvericiliyində mütləq dəyişiklik edilməsinin zəruriliyinə diqqət çəkib.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya XİN-in 2-ci Asiya Departamentinin direktor müavini M. Baranov iştirak ediblər.

COP29