Hindistan MSK-nın üzvləri parlament seçkilərini müşahidə edirlər

thumb (1)Hindistan MSK-nın üzvləri parlament seçkilərini müşahidə edirlər. Secki-2015.az saytı xəbər verir ki, 33 saylı Xətai Birinci Seçki Dairəsinin 5, 9, 10, 20 və 23 saylı məntəqələrində Hindistan Mərkəzi Seçki Komissiyasının üzvləri Vicay Colli və Sureş Çandra səsvermənin gedişini izləyiblər.

Öz təəssüratlarını bildirən Vicay Colli deyib ki, Azərbaycana ilk səfəridir: “Hər şeydən öncə, Azərbaycanın Mərkəzi Seçki Komissiyasını təbrik etmək istərdim ki, belə şəffaf və demokratik seçkiləri təşkil edib və bizləri ölkənizə dəvət edib. İnanıram ki, Azərbaycanda keçirilən bu seçkilər günün sonuna qədər öz demokratikliyini və ədalətliliyini davam etdirəcək. Məntəqələrdə olarkən yaradılmış şəraitlə yaxından tanış olmaq üçün bizə geniş imkanlar yaradıldı. Məntəqə sədrləri səsvermə günündə iştirak edəcək seçicilərin sayı haqqında məlumat verdilər. Amma mən müşahidələrimdən bu qənaətə gəldim ki, seçicilərin sayı söylənilən rəqəmdən daha yüksəkdir. Bu qənaətimə əsas verən başlıca amil seçicilərin yüksək əhval-ruhiyyə və fəallıq şəraitində məntəqələrə gəlməsidir. Düşündüyüm kimi, Azərbaycan xalqı çox dost və qonaqpərvərdir. Xalqlarımız arasında ortaq dəyərlər vardır. İnanıram ki, dövlətlərimiz arasında olan münasibətlər davamlı və daimi olacaqdır”.

Digər müşahidəçi Sureş Çandra isə deyib: “Azərbaycan haqqında təəssüratlarım gördüklərimlə üst-üstə düşdü. Ölkəniz haqqında yüksək fikirdəyəm. Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün yüksək şərait yaradılıb. Prosesin sonadək bu qaydada davam edəcəyinə əminəm”.