Hindistan və Pakistan müharibə vəziyyətinə gəlib

36213f671273167cb7f32517d2a8358dSentyabrın 29-da gecə saatlarında Hindistan silahlı qüvvələri Pakistan ərazisinə hücum edib. APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Pakistan tərəfi qarşı tərəfə artilleriya atəşi açıb. Nəticədə hər iki tərəf onlarla itki verib.

Rəsmi İslamabad Hindistanı açıq təcavüzdə günahlandırıb. Nyu-Dehli isə Pakistanla sərhəddə yerləşən yaşayış məntəqələrindən bütün əhalini təxliyə etməyə, təcili olaraq qoşunlarını yenidən formalaşdırmağa başlayıb. İki nüvə silahı nəhənginin müharibə astanasında olduğu bildirilir.

Sentyabrın 29-da gecə baş vermiş insidentin bəzi təfərrüatları da açıqlanıb. Məlum olub ki, gecə saatlarında Hindistan Ordusuna məxsus helikopterlər Kəşmirdə sərhədi beş yerdən keçərək Pakistan ərazisinə desant atıb. Xüsusi təyinatlılar gizli olaraq islamçı döyüşçülərin düşərgələrinə yaxınlaşıblar. İslamçılarla Hindistan xüsusi təyinatlıları arasında qısa döyüş baş verib. Nəticədə “Ceyş-ə-Muhamməd”, “Laşkar-əToiba” və “Hizbul-Mucahəddin” qruplaşmalarının 38 döyüşçüsü, eləcə də 9 Pakistan hərbçisi öldürülüb.

Hindistan Müdafiə Nazirliyinin və yerli KİV-in məlumatlarına görə, hərbi əməliyyata baş nazir Narendra Modi şəxsən rəhbərlik edib.

İnsidentdən bir neçə saat sonra Pakistan artilleriyası Hindistanın sərhəd məntəqələrini atəşə tutub. Rəsmi İslamabad 21 hindistanlı əsgərin öldüyü barədə məlumat yayıb.

Pakistanın baş naziri Nəvaz Şərif bu addımın Hindistanın açıq təcavüzünə cavab olduğunu söyləyib: “Hindistan xüsusi təyinatlılarının heç bir xüsusi əməliyyatı olmayıb. Hindistan rəhbərliyi Pakistan blok-postlarını artilleriya atəşinə tutmaq əmri verməklə sadəcə əzələ nümayiş etdirmək qərarı verib”.

Hazırda Pakistan-Hindistan sərhədi əvvəlki kimi bağlıdır.

Qeyd edək ki, Pakistanla Hindistan arasında Kəşmir regionuna görə çoxillik münaqişə mövcuddur. Regionda vəziyyət bir neçə ay əvvəl Hindistan xüsusi təyinatlıları “Kəşmir Çe Gevarası” Burxana Vanini öldürəndən sonra gərginləşib.

Vaninin öldürülməsindən sonra İslamabad nümayişkarcasına matəm elan edib, Pakistan millətçiləri isə Kəşmiri azad edəcəklərini bəyan ediblər. Nyu-Dehli isə bu bəyanatı hədə kimi qiymətləndirib.