Hitler narkoman idi?

adolf_hitlerAdolf Hitler narkotiklərdən, ilk növbədə, metamfetamin və psixotrop preparatlardan güclü asılılıq vəziyyətində olub. Belə yanaşma britaniyalı kinematoqrafçıların ABŞ hərbi kəşfiyyatının arxivindən əldə etdiyi məxfilikdən çıxarılmış sənədlərdə göstərilib.

Bu barədə İTAR-TASS Britaniya KİV-ə istinadən xəbər yayıb.

Həmin materiallar əsasında “Channel 4” telekanalında “Hitler: gizli narkoman” adlı sənədli film hazırlanıb.

Film Böyük Britaniyada oktyabrın 19-da nümayiş olunacaq.

ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları onun şəxsi həkimi Teodor Morel ilə söhbətlərə əsaslanaraq və Hitlerin fiziki durumu haqqında tibbi hesabatları analiz edərək bu qənaətə gəliblər ki, fürer narkotiklər də daxil olmaqla, 74 növdə tibbi preparatlardan istifadə edirmiş. Belə ki, 1943-cü ilin yayında Mussolini ilə görüşü ərəfəsində Hitler müəyyən dozada metamfetamin qəbul edirmiş ki, bu da ona iki saat ərzində fasiləsiz və emosional əhval-ruhiyyədə çıxış etməyə imkan verib. Sənədli filmin yaradıcıları qeyd edirlər: “1943-cü ilin sonuna kimi Hitler psixotrop dərmanlardan tam asılı vəziyyətə düşdü və bu, onun sağlamlığının sürətlə pozulmasına gətirib çıxardı. Müharibənin son günlərində, bunkerdə olduğu günlərdə isə o, yalnız ən güclü təsirə malik dərmanlardan istifadə edirdi. Bəzən gün ərzində ona doqquz narkotik iynəsi vurulurdu”.(trend)