Hökumə Əliyevanın əşyaları Tarix Muzeyinə verildi

Hökumənin əmək fəaliyyətilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib. Digər əşyaları isə bizim evdə təşkil olunan muzeydə sərgilənəcək.

Yenicag.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın 40 mərasimi ilə əlaqədar məzarını ziyarət edən atası Cəlil Əliyev deyib.

C.Əliyev qızının həlak olması ilə nəticələnən qəzada günahkarların ən ağır cəza alacaqlarına ümid etdiyini deyib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.