!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hökumət hərbi vəziyyət dövründə informasiyanı çevik idarə edən mexanizmləri yenidən yaratmalıdır" - Müşfiq Ələsgərli

!Reklam – Yazi

“Döyüş başlayıb, döyüşün üstündən 15 saat keçib, ancaq informasiya yoxdur. Jurnalist nə qədər gözləməlidir?”.

Bu fikirləri Azərbaycanın apardığı informasiya müharibəsi, informasiya müharibəsindəki boşluqlar və dövlətin görməli olduğu işlər haqqında danışarkən Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının (JuHi) sədri Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında səsləndirib.

Müşfiq Ələsgərli bildirib ki, 44 günlük müharibə zamanı yaradılan struktur bu tezliklə dağıdılmamalı idi:

“Ümumiyyətlə, informasiya savaşı, rəsmi qaydada götürsək, KİV-nin işi deyil. İnformasiya savaşını peşəkar, mütəşəkkil strukturlar aparmalıdır. Sadəcə KİV bu məsələdə informasiya ötürücüsü kimi iştirak edə bilər. İnformasiya savaşı adi məsələ deyil və burada diletant yanaşmaya yol vermək olmaz. Bu sahədə ixtisaslaşmış, peşəkarlaşmış qurumların olmasına ehtiyac var. İkinci Qarabağ savaşı dövründə yürdülən siyasət göstərdi ki, Azərbaycan dövləti, hakimiyyəti informasiya savaşı aparmağın qaydalarını bilir. Həmin dövrdə informasiya çox gözəl şəkildə işlənildi, koordinasiya edildi və düşmən bütün cəbhələrdə məğlubiyyətə uğradı. Müharibə dövründə çevik informasiya işini idarə edən müəyyən qurumlar yarandı. Hərbi informasiya mərkəzi yaradıldı. Alınan informasiyalar orada təhlil olundu, operativ şəkildə mediaya çatdırıldı və idarə olundu.

Aydın olmayan bir məsələ var, mənim özüm üçün də təəssüf doğrur ki, həmin Hərbi informasiya mərkəzi və yaxud ona bənzər qurumların işi vaxtından əvvəl sonlandırıldı. Döyüş meydanında müharibəni udsaq belə, ümumilikdə, Ermənistanla sülh sazişi bağlanmayana qədər bilirik ki, müharibə davam edir. Bu baxımdan, həmin informasiya məkanını koordinasiya edən mexanizmlərin dayandırılması, sıradan çıxarılması, fikrimcə, yolverilməz haldır. Hesab edirəm ki, informasiya savaşını idarə edən, formalaşdıran konkret mexanizmlər olmalıdır”.

Mütəxəssisin sözlərinə görə, son iki gündə Ermənistan mediasında yayımlanan informasiyalara çox ciddi şəkildə istinad olundu:

“Biz bilirik ki, qarşıdakı düşməndir. Həmin ölkənin mediasında bizim xeyrimizə görünən informasiyalar belə alt qatda düşmənin özünün strateji planları üçün hazırlanmış məlumatlardır. Bu baxımdan, onlara istinad edib, olduğu kimi yaymaq yolverilməzdir. Dilemma nədən ibarətdir: Jurnalist nə qədər gözləməlidir? Döyüş başlayıb, döyüşün üstündən 15 saat keçib, ancaq informasiya yoxdur. İnformasiya dövrünün əsas şərti odur ki, informasiyanı birinci verən tərəf qalib gəlmiş sayılır. Biz niyə informasiya verməkdə gecikməliyik? Bir-iki saatı anlamaq olar, ancaq gecikmə sutkalarla çəkə bilməz. Hesab edirəm ki, müəyyən yanlışlıqlar oldu.

İnformasiya məkanını boş saxlamaq olmaz. Təklif edərdim ki, nə qədər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb, o vaxtda qədər də hökumətin informasiyanı çevik idarə edən mexanizmləri yenidən yaradılmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv