“Hökumət məzənnə ilə bağlı heç bir problemin olmadığını rəsmi şəkildə bildirirsə…” – İqtisadçıdan TƏKLİF

“Eyni zamanda, məhdudiyyətlərin olması “qara bazar”ın canlanmasına da şərait yaradır”.

Bunu bəzi banklarda xarici valyutaların satışına məhdudiyyət qoyulmasının devalvasiya ehtimalına mümkün təsirlərini dəyərləndirən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, Azərbaycanda valyuta əməliyyatları ilə bağlı məhdudiyyətlərin davam etməsi ajiotajı artırmaqda davam edir:

“Mərkəzi Bankın yürütdüyü siyasət fonunda banklarda dolların satışına qadağa qoyulması, nahardan sonra valyuta əməliyyatının aparılmaması devalvasiyanın baş verəcəyi ilə bağlı gözləntiləri daha da artırır.

Əgər Mərkəzi Bank və hökumət məzənnə ilə bağlı heç bir problemin olmadığını rəsmi şəkildə bildirirlərsə, bunu əməldə də isbat etməlidirlər. Bu halda devalvasiya təhlükəsi səngiyəcək və valyuta bazarında alqı-satqı ilə bağlı məhdudiyyətlər aradan qaldırılacaq.

Məhdudiyyətlərin davam etməsi devalvasiya təhlükəsini daha da artırır. Belə olduqda, vətəndaşlar və biznes strukturları əllərində olan manat kütləsini istənilən halda xarici valyutaya çevirməyə çalışacaqlar.

Eyni zamanda, məhdudiyyətlərin olması “qara bazar”ın canlanmasına da şərait yaradır. Bunun səbəbkarı məhz Mərkəzi Bankın yürütdüyü siyasətdir”.

Gülşən Şərif

COP29