“Belə qərarlar əhalinin aztəminatlı hissəsinin gəlirlərinə, durumuna mənfi təsir göstərəcək”.
Bu fikirləri hökumətin bir sıra məhsul və xidmətlər üzrə qiymətləri artırmasının səbəblərinə toxunan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.
Onun fikirəncə, hökumət müəyyən xərclər üzrə kəsirləri kompensasiya edə bilmək üçün əhalinin yükünü artırır:
“Əslində, bu gün dövlət büdcəsində elə bir vəziyyət yaranıb ki, hökumət çıxış yolunu qiymət artımında görür. Düzdür, neft gəlirləri artıb və onun da müəyyən təyinatı var. Qarabağda bərpa işlərinin həyata keçirilməsi də böyük vəsaitlər tələb edir.
Qalan məsələlərə vəsait çatışmadığı üçün hökumət bu yükü xalqın üzərinə qoyur. Digər tərəfdən, Rusiyanın Ukraynaya hərbi təcavüzü, bu çərçivədə müəyyən logistika kanallarının bağlanması Azərbaycanda qiymət artımını stimullaşdıran amillər sırasındadır.
Hökumət də bu qiymət artımının qarşısını almaq əvəzinə əhalinin üzərindəki yükü artırır ki, kəsirləri bu yolla kompensasiya edə bilsin. Əlbəttə, bu qərarlar əhalinin aztəminatlı hissəsinin gəlirlərinə, o cümlədən sosial-iqtisadi durumuna mənfi təsir göstərəcək”.
A.Zeynalov