!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hökumətə 8 gün vaxt vermişik...” – Millət vəkili  

!Reklam – Yazi

“Dövlət büdcəsi üçün ən böyük risk neftin qiyməti ilə bağlıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisdə keçirilmiş 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsini dəyərləndirən millət vəkili Vahid Əhmədov deyib.

Vahid Əhmədov müzakirələr zamanı deputatların irəli sürdükləri təkliflərin hökumət tərəfindən qismən də olsa, nəzərə alınacağını düşünür:

“Biz hökumətə 8 gün vaxt vermişik və dekabrın 1-də gəlib, büdcə layihəsinə olan təkliflərimizlə bağlı məlumat verəcəklər. Yəqin ki, büdcə layihəsinə müəyyən dəyişikliklər ediləcək.

Etiraf edək ki, deputatların büdcə layihəsinə irəli sürdükləri təkliflərin sayı həddən artıq çoxdur. Çünki müzakirədə iştirak edən deputatların hamısı təklif irəli sürdü və onların da əksəriyyəti maliyyə ilə bağlı oldu.

Özümə gəldikdə, mənim təkliflərim hansısa sahəyə maliyyə ayrılması ilə əlaqədar deyildi. Çıxışımda əsasən, iqtisadi inkişafı əngəlləyən aktual problemlərə toxundum”.

Millət vəkilinin fikrincə, 2018-ci il dövlət büdcəsi layihəsində təqribən 780 milyard manatlıq kəsirin nəzərdə tutulmasını faciəyə çevirmək doğru olmazdı:

“Dövlət büdcəsi üçün bu məbləğdə kəsirin olması nədir ki..? Bu, elə də böyük rəqəm deyil və onu artırmaq da mümkündür.

Ancaq digər tərəfdən, biz bilmirik, sabah dünya bazarında neftin qiyməti necə dəyişəcək? Yəni Azərbaycanın dövlət büdcəsi üçün ən böyük risk neftin qiyməti ilə bağlıdır”.

Əhmədov büdcə layihəsinin müzakirəsində konseptual yanaşmaların azlığını deputatların çoxunun iqtisadçı olmamaları ilə əlaqələndirib:

“Deyim ki, özümün və digər həmkarlarımın timsalında konseptual çıxışlar da oldu. Bu da aydındır, biz iqtisadçıyıq.
Ancaq deputatların hamısı iqtisadçı deyil axı… Ona görə də deputatların çoxu çıxışlarında seçildikləri bölgələrin problemlərinə toxunurlar.
Ancaq biz iqtisadçılar büdcə layihəsinin müzakirəsi zamanı yerli yox, ümumrespublika əhəmiyyətli məsələləri qaldırırıq”.

A. Zeynalov

www.yenicag.az

2603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv