Hökumətin BÜDCƏ PLANI: “2 milyard manata yaxın daha çox vergi toplamaq planlaşdırılır” – İQTİSADÇI

“Hökumət ƏDV-ni Gömrük Komitəsindən alaraq Vergi Xidmətinə vermək istəsə, bu, doğru qərar olar”.

Yenicag.az xəbər verir ki, bunu hökumətin 2022-ci ilin ilkin büdcə parametrlərini təhlil edən iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, dünya pandemiyaya görə iqtisadi aktivliyin artırılması üçün vergi-gömrük güzəştləri, biznesə, əhaliyə böyük yardım paketləri qəbul etdiyi halda, ölkəmizdə atılan addımlar əhalinin və biznesin daha çox “soyulması”na yol açır:

“2021-ci il büdcəsində vergilər xətti ilə 7 milyard 250 milyon manat daxilolmalar nəzərdə tutulub. Çox güman ki, ili təqribən 7,5 milyon manat yığımla başa vuracağıq. Amma 2022-ci il büdcəsində vergilər xətti ilə daxilolmalar 9 milyard 138 milyon manat proqnozlaşdırılır. Bu il ilə fərq 1 milyard 888 milyon manat təşkil edir. Sözün qısası, hökumət gələn il 2 milyard manata yaxın daha çox vergi toplamağı planlaşdırır”.

Natiq Cəfərli qeyd edib ki, hökumət vergi dərəcələrini gələn il artırmağı düşünürsə, bu, doğru addım olmaz:

“Əgər hökumət vergi “ağardılması” hesabına yığımı artıracağını düşünürsə, bu da inandırıcı deyil. Tək “ağarma” ilə 2 milyard əlavə vergi toplamaq mümkün deyil. 2020-ci ildə Gömrük Komitəsi 2 milyard 741 milyon 485 min manata ƏDV yığıb. Əgər ƏDV-nin Gömrük Komitəsindən alınaraq Vergi Xidmətinə (İqtisadiyyat Nazirliyinə) verilməsi nəzərdə tutulursa, o zaman vergi daxilolmalarının 1,88 milyard manat yox, 3 milyard manata yaxın artımı nəzərdə tutulmalı idi. Deməli, bu məsələ də deyil. Belə çıxır ki, Azərbaycan Hökuməti gələn il həm əhali, həm də biznes üçün vergi yükünü kəskin artırmağı düşünür. Bunun başqa izahı yoxdur”.

Gülşən Şərif