“Dubayın indiki görkəmə salınması üçün kənardan – ABŞ, Böyük Britaniya və ölkələrdən trilyonlarla dollar yatırım edildi”.
Bu fikirləri Bakının yeni Baş planının gerçəkləşdirilməsi üçün əlavə maliyyə mənbələri tapılmasının vacibliyi haqda danışan iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, 16 il ərzində Bakının tam futuristik dizaynda qurulması üçün 95 milyard manat maliyyə tələb olunur:
“Hər kəsi düşündürən əsas sual isə planın maliyyə tərəfidir. Çünki gördüyümüz kimi, bu işlər üçün heç də kiçik məbləğ tələb olunmur. Əlavə olaraq, işğaldan azad edilmiş Qarabağ regionunda aparılan bərpa-quruculuq işləri üçün hər il ayrılan 5-6 milyard manatı də nəzərə alsaq, bizə gələcək üçün 150-160 milyard manat vəsait lazım olacağı ortaya çıxır. Bu isə böyük vəsaitdir.
Azərbaycanın indiki iqtisadi münasibətlərdə belə bir layihənin icrası üçün neft-qaz sənayesindən başqa əlavə pul qazanma imkanları məhduddur. Əlavə gəlirlər üçün sərhədlərin açılması, kiçik-orta sahibkarlara dəstək, rəqabətli mühitin formalaşdırılması və böyük investorları ölkəmizə cəlb etmək lazımdır.
Hazırda isə bu zərurətlərin əksinə addım atılır və mikrosahibkarların vergi yükü daha da artırılır. Zaman baxımından yanaşsaq, layihə bəlkə də gerçəkləşə bilər. Çünki indiki Dubay cəmi 20 ildə inşa olunub.
Ancaq Dubayın indiki görkəmə salınması üçün kənardan – ABŞ, Böyük Britaniya və digər ölkələrdən trilyonlarla dollar yatırım edildi. Azərbaycanda da belə yatırımçılara ehtiyac var. Ölkəmizə xaricdən böyük sərmayə qoya biləcək investorlar üçün hökumətin planı varmı? Əsas sual məhz budur”.
Nəsimi Ələsgərli