Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Horadizi çapıb, talayan erməni bütün evləri yandırmışdı” - Məşhur əməliyyatdan sağ çıxan döyüşçü

Hərb tariximizdə böyük əhəmiyyətə malik olan və 1994-cü ilin yanvar ayında Cocuq Mərcanlının azad olması ilə başa çatan uğurlu Horadiz əməliyyatı zamanı 22 kənd və Horadiz qəsəbəsi işğaldan azad olunub. Təkcə Horadiz əməliyyatı sübut edir ki, Azərbaycan əsgəri Qarabağ torpaqlarını azad etmək gücündə və qüdrətindədir.

Yenicag.az-ın qonağı Horadiz əməliyyatının iştirakçısı, Dağlıq Qarabağda baş verən hadisələrin canlı şahidi, hazırda Binəqədi rayonu Xocəsən qəsəbəsində məskunlaşmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Füzuli rayon polis şöbəsinin sabiq rəisi, polis polkovniki Bünyad (qarabağlılar onu “Binnət” kimi tanıyır) Məmmədovdur. Qeyd edək ki, Prezidenti İlham Əliyev 30 iyun 2006-cı il tarixli Sərəncamı ilə Bünyad Hümbət oğlu Məmmədovu xidmətlərinə görə “İgidliyə görə” medalı ilə təltif edib.

Müharibə adamı…

– Bünyad müəllim, siz erməni millətçilərinə qarşı mübarizəyə qalxan ilk zabitlərimizdən olmusunuz.

– İlk döyüşüm Malıbəylidə olub.7 nəfər milislə 14 kilometrlik sahəni düz 3 ay müdafiə etmişəm. 1988-1989-cu illərdə baş verənləri yada salanda indi də tüklərim biz-biz olur. Bir dəfə Xankəndinə Bakıdan öz əcəli ilə ölmüş erməni polkovnikinin meyitini gətirdilər. Onun dəfni yasdan çox nümayişə çevrildi. Ermənilər deyirdilər ki, bu qisası yerdə qoymayacağıq. Bunu eşidən ermənilərdən biri gəlib dedi ki, tez aradan çıx. Coşan və qəzəbli dəstə gəlib, səni öldürəcək. Əvvəl-əvvəl eşitdiyimə inanmadım. Amma sonra gördüm ki, yox, vəziyyət ağırdır və maşına oturub, Şuşaya qalxdım. 1989-cu ildə DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman verildi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Komitənin sədri Arkadi Volski təyin edildi. Düşünürdük ki, vəziyyət yaxşı olacaq. Amma əksinə oldu. Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə, gərginləşdirmək siyasəti yürütdü. Onun fəal “səyləri” nəticəsində az müddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən çıxarılaraq, mərkəzin ixtiyarına verildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarıldı. Vilayət İcraiyyə Komitəsinin binasının üzərində dalğalanan Azərbaycan bayrağını çıxardıb, Ermənistanın bayrağı sancıldı. Çox keçmədi ki, ermənilər Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bütün yaşayış məntəqələrini ələ keçirtdilər. Növbə Dağlıq Qarabağın ətrafında yerləşən rayonların idi…

Horadiz döyüşləri…

– Horadiz döyüşlərini necə xatırlayırsız?

– 1993-cü ildən başlayaraq Ağdam, Füzuli istiqamətində vəziyyət gərginləşməyə başladı. Havadarlarının köməyindən yararlanan ermənilər elə həmin il Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını işğal etdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. Az vaxt ərzində Ali baş komandan Heydər Əliyev ordunu demək olar ki, yenidən qurdu. Füzulidə yerləşən əvvəlki hərbi briqada oradan çıxarıldı. Təlimlər başlanıldı.

Göstərişə əsasən Füzuli, Cəbrayıl, Laçın, Zəngilan, Qubadlı və Xocavənd polis şöbələri Daxili Qoşunların tərkibinə verildi. Füzuli rayon polis şöbəsinin əməkdaşlarından ibarət yaradılmış batalyona komandir təyin etdilər. Daxili qoşunlar Araz boyu istiqamətində hücuma keçməli idi. Orduda böyük ruh yüksəkliyi vardı. Bu zaman düşmənlə cəbhə xətti Əhmədbəyli və Böyük Bəhmənli kəndlərindən keçirdi. Erməni işğalçıları hələ noyabrın əvvəlində Böyük Bəhmənli kəndinə hücuma keçmiş və kəndin bir hissəsini işğal etməyə nail olmuşdular. Horadiz döyüşündən 10 gün qabaq, dekabrın sonlarında Böyük Bəhmənli kəndinə girdik. Kəndin içərisindən keçən Quru çayın sahilində mövqe tutduq. Ermənilər təxminən bizdən bir kilometr aralıdakı təpəliklərdə qərarlaşmışdılar. Elə oldu ki, gündüz saatlarında kəndə gələn erməni kəşfiyyatçıları ilə atışma oldu. Ermənilər tank və topların köməyilə iki istiqamətdə üstümüzə gəlməyə başladılar. Xeyli atışdıq. Sursatımız qurtarmışdı. Mən sursat gətirməyə getdim. Qayıdanda mənim yanımda olan polis işçisi şəhid oldu. Mühasirəyə düşə bilərdik. Kəndi iki yerə bölən dəmiryolu xəttini keçib, Araz çayına tərəf getmək əmrini verdim. Amma dəmiryol xəttinin üstündə hərəkət edən erməni tankı bizə imkan vermirdi. Yolu çox çətinliklə keçib, Araz çayının kənarına gəldik. Yanvarın 4-dən 5-nə keçən gecə hücum əmri aldıq.
Əməliyyat planına əsasən, hücum 3 istiqamətli desant əməliyyatı ilə başlamalı, bundan sonra cəbhə xəttində yerləşən hərbi hissələr hücuma keçərək, Horadiz qəsəbəsini azad etməli idi. Şiddətli döyüş başlandı.

İşıqsaçan güllələr göydə bir biri ilə toqquşurdu. Mərmi səsindən qulaq tutulurdu. Belə döyüşləri mən kinolarda görmüşdüm. Bütün ordu hissələri böyük ruh yüksəkliyi ilə irəliləyirdi.

Ermənilər isə ordumuzun hücumunun qarşısını almaq üçün hər cür vasitədən istifadə etməyə çalışırdılar. Hətta başlanğıcını Araz çayından götürən Maralyan arxını açıb, ətrafa buraxmışdırlar. Bütün yolu və ərazini su basmışdı. Havalar şaxtalı idi. Amma buna baxmayaraq, iki gün səngərdə qaldıq. Ermənilər dinc dayanmırdılar, bu müddət ərzində iki dəfə hücuma keçdilər və hər dəfə cavablarını aldılar. Yanvarın 7-də əmr gəldi ki, Horadiz qəsəbəsi azad olmalıdır. Ordunun və Daxili qoşunların birgə əməliyyat başladı və Horadizi azad edərək, Molla Məhərrəmli, Qazaxlar kəndini düşməndən təmizlədik və Cəbrayılın Çocuq Mərcanlı kəndinə girdik. Həmən vaxt məlumat aldıq ki, Kürdmahmudlu kəndini işğaldan azad edən əsgərlərimiz Alxanlı kəndinə girib. Biz səngər qazıb, mövqeyimizi möhkəmləndirdik. May ayına kimi Mərcanlı kəndində qaldıq. Mayın 4-də isə atəşkəs elan olundu. Demək olar ki, hamı yorulmuşdu. Hava soyuq idi. Bizi əvəz edən yox idi, lakin əsgərlərimiz qələbəni qoruyub saxlamaq əzmində idi. Hətta həmin vaxt Lələ təpəni də ala bilərdik. Onu deyim ki, ermənilər işğal etdiyi kəndləri, Horadizi çapıb talamışdırlar. Evlər talan edilmiş və yandırılmışdı. Böyük Bəhmənli kəndində bir əşya qoymamışdılar. Hamısını yığışdırıb aparmaq üçün dəmiryol xəttinin ətrafına yığmışdılar. Bu döyüşlərdə ermənilər xeyli sayda canlı qüvvə və texnika itirdilər. Ordumuz 2 gün ərzində 40 kilometr ərazini azad etdi. Bu böyük qələbə idi. Bu qələbədə yerli camaatın da payı var. Onlar ərzaq və isti geyimlərlə döyüşçülərə kömək etdilər. Aprel döyüşlərində olduğu kimi Horadiz əməliyyatında da xalq Ali Baş Komandanın və ordunun yanında idi.

Sonda həmin döyüşlərin iştirakçısı kimi deyə bilərəm ki, Horadiz əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Hərb tariximizə Horadiz əməliyyatı kimi daxil olan bu döyüşdə hərbçilərlə yanaşı Sərhəd Qoşunlarının, Daxili Qoşunların, XTMD-nin bir neçə bölüyü, yerli taborların da əsgərləri iştirak etmişdilər. Bu əməliyyat dərsliklərə salınmalıdır. Unutmayaq ki, həmin illər böyük məğlubiyyətlərdən sonra silahlı qüvvələrimiz qısa müddətdə düşmənin işğalı altında olan 22 yaşayış məntəqəsini və Horadiz qəsəbəsini azad ediblər. Bu qələbə Heydər Əliyevin rəhbərliyi və güc strukturlarının birgə koordinasiyası nəticəsində baş tutdu.

M. Orucov

www.yenicag.az

2770
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM