Hotellərin gəlirləri çoxaldı – STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çox və ya 334,0 milyon manat olub.

Yenicag.az-a verilən məlumata görə, gəlirlərin 66,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,1 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 23,6 faiz (2018-ci ilin yanvar-sentyabr aylarında 21,9 faiz) təşkil edib. Bu göstərici Qubada 54,3 faiz, Naftalanda 53,7 faiz, Şabranda 50,6 faiz, Qəbələdə 40,8 faiz, Bakıda 32,6 faiz, Beyləqanda 32,0 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4 faiz) avqust ayında qeydə alınıb.