Hotellərin qiyməti ilə bağlı yeni mexanizmin yaradılması təklif edilir

Azərbaycanda hotellərin qiymət siyasətinin nizamlanması mexanizmini yaratmaq lazımdır.

Yeniçağ.Az-ın xəbərinə görə, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

“Təəssüf ki, bir sıra hotellərimiz turist axını ilə üzləşəndə qiymətləri qaldırmağa başlayır. Bu böyük problemdir, çünki bu hotellərə görə bütün turizm sektoru ziyan görə bilər”, – o bildirib.

N.Bağırov qeyd edib ki, Gürcüstan, eləcə də digər ölkələr belə hallarda qiymətləri əksinə, azaldır.

2015-ci ildə Azərbaycanda bir sıra biznes növləri, eləcə də turizm fəaliyyəti ilə məşğul olan şirkətlər üçün lisenziya ləğv olunmuşdu. Bağırovun fikrincə, bu, turizmin inkişafını stimullaşdırsa da, digər tərəfdən lisenziyaların ləğvi bir sıra problemləri üzə çıxarıb.

“Bizdə keyfiyyətsiz xidmətlər təklif edən turizm şirkətləri yaranmağa başlayıb. Bunun qarşısını almaq üçün şirkətlər qarşısında müəyyən öhdəliklər irəli sürəcək bir mexanizm yaradılmalıdır. Bu cür şirkətlərin ucbatından Azərbaycanın imici ziyan görə bilər. Bu səbəbdən şirkətlər qarşısında müəyyən meyarların təyin olunması vacibdir”, – assosiasiya sədri deyib.

Yeniçağ.Az

COP29