Hövsanda onlarla ağac kökündən çıxarıldı – VİDEO

Hövsanda yeni əkilən ağaclar kökündən çıxarılıb. 

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaşlardan biri tərəfindən müraciət daxil olub.

Vətəndaş iddia edir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib:

“Sözügedən ərazidə körpü var. Orada yaşayanlar bu ünvanı yaxşı tanıyırlar. Həmin ərazi icra hakimiyyətindən kənd təsərrüfatı ilə məşğul olmaq üçün sənədli şəkildə mənə verilib. Ərazinin bir tərəfi isə dəmiryolu idarəsinin qarşısına düşdüyü üçün onu biz bostan kimi rəsmi qaydada icarəyə götürmüşük. Biz həmin ərazidə 200-ə yaxın ağac əkmişdik. Ərazi üzrə Yaşıllaşdırma İdarəsinə də müraciət etmişik, gəlib əkilən ağacları qeydiyyata alıblar. Ərazidə əkilən ağacların 38-i videodan da görüldüyü kimi kökündən çıxarılıb. Bu barədə də Yaşıllaşdırma İdarəsinə məlumat vermişəm, əraziyə baxış keçirilib. Amma bununla bağlı heç bir rəsmi addım atılmayıb.

Bu hadisələr iki ay bundan qabaq olub. Məsələ protokollaşdırılaraq Suraxanı Rayon Polis İdarəsinə də göndərilib. Onlar deyirlər ki, məktub gec çatıb. Ərazi dəmiryol idarəsinə aid olduğu üçün məsələyə həmin qurumun hüquqi qiymət verəcəyi bildirilib”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, faktla bağlı araşdırma aparılır.