Bu gün kinomuzun günüdür, baxıram, hamı bir-birini təbrik edir, bayramlaşır. Kino adamlarını deyirəm. Kinosuz kino gününü qeyd edirlər. Onları qınamıram, üzləri gülsə də, ürəkləri qan ağlayır. Çoxu artıq gənclik yaşını geridə qoyub, kinoya çəkiləcəkləri günü gözləyə-gözləyə saçları-saqqalları ağarıb. Bəziləri də kino həsrəti ilə dünyadan köçünü çoxdan çəkib gediblər.
Əvvəllər məşhur aktyorlarımız, “kinonun vəziyyəti ağırdır”, “kinomuz reanimasiyadadır” deyə, onun nə vaxtsa komadan ayılacağına ümid edirdilərsə, artıq son ümid də ölüb. Belə olmasaydı, illərini kinoya verən “Dəli Kür”ün Mələyi Zemfira Sadıqova “kinomuz rəhmətə gedib, üstündə ağlayanı yoxdur” deyib, fəryad qoparmazdı.
O kino ki vaxtilə kinostudiya, elə aktyorların təbirincə desəm, gur-gur guruldayırdı. Bir-birinin ardınca milli kinomuzun sənət inciləri çəkilirdi. İndi işsizlikdən xəstə yatağına düşən bir çox aktyor və aktrisalarımızın çəkiliş meydançasında yaradıcılıqdan aldıqları zövqün dadını çıxarırdılar.
Amma o kinostudiyada indi səssislikdən “qu deyirsən qulaqlar tutulur”. İlərdir ki, kino günü kinosuz qeyd olunur. Bir film belə çəkilmir ki, heç olmazsa, kino günündə prezentasiyası keçirilsin, kino adamları da baxıb, ürəkləri açılsın. Elə biz tamaşaçıların da…
Nə vaxta qədər özünü as rejissor sayan qeyri-peşəkarların çəkdiyi ucuz, mənasız, “əttökən” filmlərinə baxıb, köks ötürəcəyik. Nə vaxta qədər “18+”, anonsu ilə tamaşaçıları ekrana kilidləməyə çalışan, hırıltıdan o yana keçməyən “Xoxan”, “Hoqqa”, “Hozu” kimi səviyyəsiz “filmcik”lərə baxıb, Azərbaycan kinosunun qaragününə ağlayacağıq. Bəs deyilmi ay kino qurumları? Bəlkə bir hərəkətə keçəsiniz…