“Huawei”dən “Android” sisteminin əvəzlənməsi xəbəri ilə bağlı AÇIQLAMA

“Huawei” şirkəti gələcəkdə də “Google” mobil əməliyyat sistemindən istifadəni planlaşdırır, “Hongmeng” isə smartfonlar üçün nəzərdə tutulmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə şirkətin Direktorlar Şurasının üzvü və baş vitse-prezidenti Ketrin Çen bildirib.

Yeni “Hongmeng” əməliyyat sisteminin “Huawei” şirkətinə “Google” və digər ABŞ şirkətləri ilə əməkdaşlığın qadağan ediləcəyi təqdirdə “Android” və “Windows” sistemlərini əvəzləyəcəyi ehtimal edilirdi. Sistemin hazırlanmasında “Huawei” ilə yanaşı, “Tencent”, “BBK” şirkətinin törəmə müəssisələri (Oppo və Vivo) və “Xiaomi” iştirak edir. İlk sınaqların nəticələrinə görə, “Hongmeng” əməliyyat sistemi “Android”dən 60 faiz sürətli olub.

Lakin K.Çen Brüsseldə mətbuat konfransında bəyan edib ki, şirkət mobil qurğular üçün “Hongmeng”dən istifadə etməyəcək. Onun sözlərinə görə, bu əməliyyat sistemi müəssisələrdə istifadə üçün nəzərdə tutulub və onun üzərində işə “Huawei” şirkətinin ABŞ Ticarət Nazirliyinin “qara siyahısı”na daxil edilməzdən xeyli əvvəl başlanılıb.