“Huawei”ə daha bir zərbə – İki mühüm şirkət də əməkdaşlığı dayandırdı

“Huawei” şirkəti Çin ilə ABŞ arasında olan ticarət müharibəsinin nəticələri ilə qarşılaşmağa davam edir.

Yenicag.az xəbər verir ki, Google, ARM, Intel, Qualcomm, Broadcom şirkətlərinin ardınca “Huawei” şirkəti ilə əməkdaşlığı həmçinin SD Association və Wi-Fi Alliance təşkilatları da dayandırıblar. Bu səbəbdən gələcəkdəki “Huawei” smartfonları vacib funksiyaları itirə bilərlər. Sözügedən təşkilatlardan ən birinicisi SD Association “Huawei” ilə əməkdaşlığı dayandırıb.

Qeyd etmək lazımdır ki, bu qeyri-kommersiya məqsədli təşkilat yaddaş kartlarının standartlarını təyin edir. “Huawei” şirkəti isə təşkilatın partnyorları siyahısından artıq çıxarılıb. Bu isə o deməkdir ki, “Huawei” şirkəti SD Association təşkilatının standartlarını istifadə edən SD yaddaş kartı dəstəkli smartfonları nə istehsal edə nə də sata biləcək. “Huawei” şirkəti isə buna tez bir zamanda reaksiya verərək öz istifadəçilərinə açıqlama veriblər. “Bu, “Huawei” smartfonlarında SD kartlardan istifadəyə heç cür təsir göstərməyəcək. İstehlakçılar hələ də bu məhsulları ala və istifadə edə bilərlər” – deyə “Huawei” təmsilçiləri bildiriblər.

Bununla yanaşı artıq müəyyən müddətdir ki, şirkət öz flaqman smartfonlarında NanoMemory adlı öz standartlı yaddaş kartlarından istifadəni təklif edir. Onlar ənənəvi microSD kartlardan daha kiçikdirlər və ölçü baxımından nano formatlı SIM kartı xatırladırlar. Lakin həmin yaddaş kartlarını satışda tapmaq bir qədər çətin məsələdir. Bundan əlavə olaraq şirkət həmçinin müəyyən müddətlik Wi-Fi Alliance-dən də kənarlaşdırılıb. Bura dünyanın ən böyük texnoloji şirkətləri daxildir və onlar birgə məlumatların naqilsiz ötürülməsi standartını inkişaf etdirirlər.

“Huawei” öz cihazlarında Wi-Fi texnologiyasından əvvəlki kimi istifadə edə biləcək. Lakin bu texnologiyanın inkişf etdirilməsində iştirak edə bilməyəcək. Məlumata əsasən şirkət Çində HongMeng adlı ticarət nişanını qeydiyyatdan keçirdib. Məlumata əsasən şirkətin fərdi əməliyyat sistemi məhz bu cür adlanacaq və o, Android ilə Windows-u tamamilə əvəz edəcək. Əgər ABŞ ilə Çin arasındakı ticarət müharibəsində ortaq razılıq əldə olunmasa şirkət öz əməliyyat sistemini artıq bu ilin payız fəslində Çində istifadəyə verəcək. Əməliyyat sisteminin qlobal versiyası isə gələn ilin yaz fəslində təqdim oluna bilər./Technote/