Hulusi Akardan Üçüncü Dünya müharibəsi AÇIQLAMASI: Bu ölkələrdəki savaş genişlənə bilər

“Üçüncü Dünya müharibəsi fərziyyəsi hazırda təkcə Hulusi Akar deyil, eləcə də bir çox ekspertlər və hərbçilər tərəfindən irəli sürülmüş bir fərziyyədir. Bunun əsas səbəbi isə hazırda Şərqi Avropada baş verən Rusiya-Ukrayna müharibəsi və bunun mümkün Rusiya-Qərb toqquşmasına gətirib çıxara bilməsi, habelə belə olan halda da nüvə müharibəsinin Üçüncü Dünya müharibəsinə çevrilmə ehtimalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Soltan Zahid deyib.

Mütəxəssis Türkiyənin sabiq müdafiə naziri Hulusi Akarın Üçüncü Dünya müharibəsi ilə bağlı səsləndirdirdiyi fikirlərə toxunub.

“Hulusi Akar niyə belə deyib, bunu deyə bilmərəm, çünki hər kəsin öz fikri və düşüncəsi var. Düşünürəm ki, o, keçmiş müdafiə naziri və keçmiş hərbçi kimi sırf bu prizmadan yanaşıb ki, bəli, Rusiyanın Ukrayna, eləcə də Yaxın və Orta Şərqdə İsrail-Fələstin müharibəsi genişlənə bilər. Belə olan halda da bütün Şərqi Avropa və Yaxın və Orta Şərq müharibənin alovlarına qərq ola bilər ki, bu da artıq dünya müharibəsinin başlanması deməkdir.
Hazırda bu latent mərhələdədir, yəni hazırlıq mərhələsindədir və bütün dünya, Qərb, Rusiya, Çin buna hazırlaşır və bundan sonrakı mərhələdə artıq toqquşma mərhələsi olacaq. Belə olan halda, əgər tutaq ki, Rusiya-Ukrayna müharibəsi daha da genişlənərsə, Rusiya birbaşa NATO-nu hədəf almağa başlayarsa və yaxud da ki, Çin Tayvana doğru həmlə həyata keçirirsə, bu, artıq birmənalı şəkildə dünya müharibəsinin başlanması deməkdir. Çünki dünyanın əksər böyük ölkələri bu müharibəyə cəlb olunmuş olacaq, dünya coğrafiyasının əksər hissəsində bu müharibə davam edəcək”.

Onun sözlərinə görə, görünən odur ki, artıq Üçüncü Dünya müharibəsi qaçılmazdır:

“Şəxsən mən düşünürəm ki, post Soyuq Müharibə dönəmindən bu günə kimi, hazırda Üçüncü Dünya müharibəsinin başvermə ehtimalı ən yüksək səviyyədədir. Hətta bugünkü dönəmi 1930-cu illərə bənzədirəm. 1930-cu illərdə də heç kim demirdi ki, İkinci Dünya müharibəsi olacaq. Çünki beynəlxalq qurum, Millətlər Liqası var idi, hətta Birinci Dünya müharibəsi yeni bitmişdi. Dünya düşünürdü ki, artıq ölkələr yeni dağıntılar, yeni ölümlər istəməzlər. Amma biz nəyin şahidi olduq? 30-cu illərdən etibarən, dünyadakı mövcud geosiyasi status-kvodan narazı dövlətlər yaranmağa başladı. Onların başında gəlirdi Adolf Hitlerin nasist Almaniyası, daha sonra Benito Mussolininin faşist İtaliyası və Uzaq Şərqdəki Yaponiya imperiyası”.
S. Zahidovun fikrincə, bu 4 ölkə mövcud status-kvodan narazı olduqlarına görə başladılar öz regionunda müxtəlif növ hücumlar həyata keçirməyə:

“Yaponiya başladı Çini, Uzaq Şərqdəki dövlətləri işğal etməyə. İtaliya isə Albaniyanı, daha sonra isə Afrika və Efiopiyanın işğal etdi. Almaniya isə Çexoslovakiya və Avstriyanın bir hissəsini özünə birləşdirdi, daha sonra da Polşaya hücum etdi. Bu 3 ölkə arasında maraqların uyğunluğu var idi. Yəni hər 3 ölkə mövcud dünya sistemindən narazı idilər, onu dəyişmək istəyirdilər və buna görə də qərara aldılar ki öz addımlarını birgə şəkildə koordinasiya etsinlər və müttəfiq olsunlar. Artıq 1938-ci ildən sonra hər 3 ölkə bir-birinə rəsmi şəkildə müttəfiq idi”.

Həmsöhbətimiz əlavə edib ki, bu gün də 3 ölkə var ki, Amerikanın rəhbərliyi ilə qurulmaqda olan liberal demokratiyanı özündə ehtiva edən dünya sistemindən narazıdırlar:

“Bu 3 ölkə Rusiya, Çin, İrandır. Başqa ölkələr də var, amma onlar arasında ən qüvvətlisi bu 3 ölkə olduğuna görə məhz onların adını çəkdim. Oraya Şimali Koreyanın da adını daxil etmək olardı. Qısacası, bu 3 dövlət mövcud status-kvodan narazı olduqlarına görə başladılar status-kvonu dəyişmək üçün müəyyən addımlar atmağa. Rusiya Ukraynaya doğru həmlə həyata keçirdi, İran Yaxın və Orta Şərqdə İsrail və ABŞ-nin digər müttəfiqlərinə qarşı həmlələr həyata keçirir. Nəhayət, Çinin də Tayvanla bağlı niyyətləri hər kəsə məlumdur. Hər 3 ölkənin arasında artıq müəyyən mənada qeyri rəsmi müttəfiqlik var. Hər 3 ölkənin arasındakı sıx görüşlər, müxtəlif qurumlar daxilində əməkdaşlıqları və bir-birilərini dəstəkləməsi elə Ukrayna müharibəsində də onu göstərir ki, bu 3 ölkə bir-birinə yaxın var və bu ölkə qərbə qarşı bir koalisiya şəraitində edirlər”.

“Eyni zamanda, başqa bit faktor var ki, bu fakt özünü 30-cu illərdə göstərdi. Millətlər Liqasının, yəni həmin dönəmin BMT-si sayılan universal təşkilatın işləksiz olması hər şeyə cavab idi. Millətlər Liqası Yaponiyanın Çini və Mancuriyanı işğal etməsinə göz yumdu. İtaliyanın Həbəşistanı işğal etməsini səs çıxara bilmədi. Bu da nəticədə artıq xaos və anarxiyaya, habelə digər dövlətlərin də həvəslənərək daha çox ölkə işğal etməsinə gətirib çıxardı ki, nəticədə də İkinci Dünya müharibəsi qaçılmaz oldu.
İndiki halda biz BMT-nin qeyri-effektiv olduğu şahidi oluruq. Bu qurumun Rusiya-Ukrayna müharibəsinə bir söz deyə bilmədi və ya İsrail-Fələstin müharibəsi ilə bağlı qətnamələr çıxarsa da, onun effekti olmadı. Bu da, əslində, BMT ilə Millətlər Liqası və indiki dövrlə 1930-cu illər arasında paralellər aparmağa imkan yaradır. Bu paralellər də onu göstərdi ki, Üçüncü Dünya müharibəsi ehtimalı var. Sözsüz ki 30-cu illərdə olduğu qədər deyil bu ehtimal. Yəni 30-cu illərin geosiyasi konyunkturası tam olaraq indiki kimi deyildi. O vaxtı ən azından nüvə silahı yox idi. Çünki müharibənin qarşısını alan ən vacib faktorlardan biri nüvə silahıdır. Hər nə qədər paradoksal səslənsə də, nüvə silahının çəkindiricilik gücü var. Dövlət başa düşür ki, əgər o istifadə edərsə, digəri də istifadə edə bilər və bu da bütün dünya ölkələrinin məhvinə gətirib çıxaracaq. Yenə də belə bir ehtimal var, bunu Hulusi Akar və digər generallar da bildirib. Sözsüz ki qarşıdan gələn ABŞ-dəki seçkilər və ABŞ-nin Rusiya-Ukrayna müharibəsindəki tutumu da belə bir müharibənin baş verib-verməyəcəyinə təsir göstərən faktorlardandır”, – deyə S. Zahidov fikirlərini tamamlayıb.

Rafi Müslümov

COP29