Hulusi Kılıç: “İlham Əliyev Azərbaycanın mənafeyini qorumaq üçün böyük güclərlə mübarizə aparır”

“Ali Baş Komandan 200 il davam edən tarixi gedişatı dəyişdirərək Azərbaycan torpaqlarını işğaldan azad etmiş, Azərbaycan xalqına və türk millətinə qürur yaşatmışdır”.

Bunu prezidenti İlham Əliyevin doğum günü ilə bağlı danışan Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Yenicag.az-a açıqlamasında deyib.

İlham Əliyevin dünya siyasi tarixində özünəməxsus yeri olduğunu bildirən sabiq səfir: “Ali Baş Komandan Azərbaycanın mənafeyini qorumaq üçün böyük güclərlə mübarizə aparır. İlham Əliyev bütün bu oyunları pozan güclü liderdir”, – deyə qeyd edib.

“Beynəlxalq sistemin davranış mexanizmini bilən, xüsusilə böhran zamanlarında cəld və məntiqli qərarlar verə bilən, böyük diplomatik bilgiyə sahib bir lider kimi təsvir edə biləcəyim İlham Əliyev bu qədər riyakar siyasətin həyata keçirildiyi dünyada Ermənistan kimi kürəyini böyük güclərə dayamış dövləti, həm də güclü lobbisi, diasporu olan dövləti məğlub etmiş siyasətçidir”, – deyən səfir sözlərini belə davam etdirib:

“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə beynəlxalq münasibətlərdə rast gəlinməyib. Çünki iki ölkə qardaşlıq bağları ilə bir-birinə bağlıdır. Ortada sevgi və məhəbbətlə qurulmuş bağlar var. Cənab İlham Əliyev Türkiyə ilə əlaqələrə çox həssas yanaşır. Ölkələrimiz arasındakı münasibətləri stratejik müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsi Türkiyə və Azərbyacanın lazım gəlsə, bir dövlət kimi hərkət etməsini təmin edir. Min il də keçsə, Azərbaycanla Türkiyə arasındakı bu bağlar hər zaman xatırlanacaq və bütün bunlar gələcək yol xəritəsini təşkil edəcək”.