“Magistratura, dövlət qulluğu və digər mərhələlərdə məntiq üzrə imtahanın salınmasını uğurlu addım hesab edirəm”.
Bu fikirləri humanitar ixtisaslar üzrə təhsil alan tələbələrin magistr təhsil səviyyəsində məntiq imtahanı ilə bağlı narazılıqlarına münasibət bildirən təhsil eksperti Elmin Nuri deyib.
Onun sözlərinə görə, magistratura təhsil səviyyəsinə qəbul imtahanı ərəfəsində bakalavrların məntiq fənnindən narazılığı hər il gündəmə gəlir:
“Hər il magistratura təhsil səviyyəsinə qəbul imtahanı ərəfəsində bakalavrların məntiq fənni üzrə narazılığı gündəmə gəlir. Xüsusilə, humanitar ixtisaslar üzrə təhsil alan tələbələr məntiq predmeti ilə bağlı ciddi narazılıq bildirirlər. Lakin mən builki qəbul imtahanında iştirak edəcəyimə və humanitar ixtisası bitirdiyimə baxmayaraq, yaranan narazılıqla qəti razı deyiləm.
Bu gün humanitar, dəqiq, təbiət yönümlü ixtisası bitirməsindən asılı olmayaraq, məntiqlə bağlı elementar baza biliklərinə sahib olmaq və bunu qəbul imtahanında cavablamaq hər bir tələbənin borcudur. Məntiq predmeti fiqurlar, rəqəm və cədvəllərlə bağlı suallara cavab vermək demək deyil, təfəkkürün işləmə, stuasiyaya görə qərar qəbul etmə mexanizmi, bir çox detalı özündə əks etdirən metodlar toplusudur.
Ümumiyyətlə, orta məktəblərdə məntiq fənninin keçirilməməsi ayrıca problemdir. Özəl lissey və məktəblərdə, gimnaziyalarda məntiqin fənn kimi keçirilməsi şagirdlərə öz faydasını göstərir. Lakin ümumi və tam orta məktəblərdə bu fənnin tədris olunmaması yolverilməzdir. Bu gün magistratura, dövlət qulluğu və digər mərhələlərdə məntiq üzrə imtahanın salınmasını uğurlu addım hesab edirəm”.
İsmayıl Bakuvi